×
A
A
A
Sazlamalar

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Budapeşt, 30 aprel, AZƏRTAC

Macarıstan bir neçə həftə əvvəl razılaşdırılmış Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım göstərilməsi layihəsinə veto qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Macarıstan qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycanın da müzakirə edilən proqrama daxil olunmasını tələb edib.
Məlumata görə, Avropa Sülh Fondu tərəfindən Ermənistana 10 milyon avro məbləğində yardımın ayrılması haqqında ilkin sazişin sənədlərinə əsasən, bu maliyyə yardımı batalyon üçün nəzərdə tutulmuş bir tibb məntəqəsini əhatə edəcək və müvafiq xidmətlər göstərəcək modul tipli səhra düşərgəsinin yaradılmasını nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, layihədə göstərildiyi kimi, bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə öz dayanıqlıq və sabitlik yaratmaq imkanlarını artırmağa və bununla da, böhran vəziyyətlərində və fövqəladə hallar zamanı mülki əhalini daha yaxşı qorumağa kömək etməkdir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2024-04-30 19:16:00