×
A
A
A
Sazlamalar

Drezdendəki Zvinqerdə arxeoloji qazıntıların əsas hissəsi başa çatıb

Berlin, 8 aprel, AZƏRTAC

Drezdenin dünyada məşhur Barokko saray kompleksi olan Zvinqerdə üç ilə yaxın davam edən arxeoloji qazıntıların əsas hissəsi tamamlanıb.
AZƏRTAC xəbər verir ki, ilin sonunadək görkəmli memarlıq abidəsinin həyətinin qalan hissəsinin bərpası başa çatdırılacaq. Bu işlərin ümumi dəyəri 15 milyon avro təşkil edir.
Martın sonunda bu elmi layihənin ilkin nəticələri Saksoniyanın paytaxtında təqdim olunub, onun əsas məqsədi 1709-cu ildə bu saray və park ansamblının tikintisi zamanı burada salınmış Barokko bağının ilkin izlərini axtarmaq idi.
Arxeoloqlar təkcə Drezden Barokkosunun aparıcı nümayəndəsi Matteus Daniel Pöppelmanın planlarına uyğun olaraq Zvinqerin həyətində təşkil edilmiş bağın izlərini deyil, həm də Saksoniya paytaxtının tarixindəki əvvəlki dövrlərin sübutlarını tapmağa müvəffəq olublar. Daha dərin təbəqələrdə iki tövlənin, bağ mağarasının və XVII əsrə aid saray bağının qalıqları, həmçinin təxminən 1200-cü illərə, XV əsrin əvvəllərinə və XVI əsrin ortalarına aid şəhər istehkamlarının fraqmentləri aşkar edilib.
Zvinqerin həyətində arxeoloqlar müxtəlif illərə aid cəmi iki yüzə yaxın sikkə tapıblar ki, bu da digər tapıntıların yaşını müəyyən etməyə kömək edib. Ümumilikdə, üç il ərzində 14500 kvadratmetr sahədə aparılan qazıntılar zamanı 750-yə yaxın metal əşya və müxtəlif materiallardan hazırlanmış çoxlu düymələr aşkar edilib. Onların arasında çoxsaylı medalyonlar, üzüklər və bir vaxtlar kostyumların bir hissəsi ola biləcək digər bəzək əşyaları var.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2024-04-08 15:34:00