×
A
A
A
Sazlamalar

Rusiya və Türkiyə maliyyə problemləri ətrafında müzakirələr aparır

Moskva, 8 aprel, AZƏRTAC

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında təmaslara hazırlıq işləri aparılır və yaxın gələcəkdə onların baş tutması mümkündür, lakin dəqiq tarixlər hələ müəyyən edilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, həmçinin qeyd edib ki, maliyyə problemlərindən çıxış yolu tapmaq üçün daimi işgüzar səviyyədə təmaslar aparılır. “Problemlərin nədən qaynaqlandığı aydındır. Bu, həm bizim, həm də Türkiyə operatorlarının maraqlarına ciddi ziyan vurur”, - deyə Peskov bildirib.
Xatırladaq ki, Türkiyənin maliyyə təşkilatları ilin əvvəlindən ABŞ Prezidenti Co Baydenin Rusiya hərbi-sənaye kompleksinə yardım edən banklara qarşı sanksiyalar haqqında fərmanından sonra Rusiyadan ödənişlərin həyata keçirilməsini dayandırmağa başlayıblar.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-04-08 14:30:00