×
A
A
A
Sazlamalar

Türkiyəli ekspert: Ermənistan və Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır

Ankara, 6 aprel, AZƏRTAC

Brüsseldə ABŞ-Aİ-Ermənistan formatında üçtərəfli görüş Cənubi Qafqazdakı sabitliyi pozmaq məqsədi daşıyırdı. Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasındakı atəşkəs razılaşmalarına məhəl qoymamaqla bağlı çox riskli bir ssenari həyata keçirilir.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyə Siyasi və Strateji Araşdırmalar Fondunun İdarə Heyətinin üzvü Sinan Demirtürk deyib.
Onun sözlərinə görə, müharibədəki məğlubiyyətə, işğal olunmuş Azərbaycan torpaqları üzərindəki nəzarətin itirilməsinə və Ermənistanın özündə populyarlığının azalmasına baxmayaraq, baş nazir Nikol Paşinyan regionda Qərbin planlarının ən ideal bələdçisi olaraq qalmaqda davam edir. Sinan Demirtürkün fikrincə, bu oyunlar ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir və Nikol Paşinyanın istefasına səbəb ola bilər.
“İrəvan odla oynamamalıdır. Azərbaycanın Tovuz rayonu ilə sərhəddə İrəvanın yüksək bədəl ödədiyi təxribatlarla bağlı vəziyyət təkrarlana bilər. Azərbaycan məhz ədalətli savaş apararaq, öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib”, - deyə o qeyd edib.
Türkiyəli ekspert Brüsseldəki görüşü Qərbin Ermənistanın Rusiyanın “orbitindən” tam çıxarılması ilə bağlı planının bir hissəsi adlandırıb.
“Moskvanın İrəvana təsirinin azaldılması, eləcə də Türkiyə-Azərbaycan müttəfiqliyi üçün fəaliyyət sahəsinin daraldılması istiqamətində açıq addımlar atılır. Ortaya açıq-aydın məqsəd qoyulub - regionda sülh gündəmi pozulmalıdır”, - deyə Demirtürk əmindir.
O, həmçinin İrəvanın Azərbaycan tərəfinin tələblərinə məhəl qoymamaq cəhdlərinin yolverilməz olduğunu vurğulayıb. “Ermənistan uzun illər davam edən işğala görə vurduğu ziyanı ödəməlidir. Eyni zamanda, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak edən bütün şəxslər məhkəmə qarşısında cavab verməlidirlər. Məhkəmə qərarları, sağ olub-olmamasından asılı olmayaraq, bütün cinayətkarlara tətbiq edilməlidir”, - o bildirib.
Türkiyə Siyasi və Strateji Araşdırmalar Fondunun nümayəndəsi vurğulayıb ki, Ankara və Bakı İrəvana və onun havadarlarına regionda işğalçılıq planlarını yenidən həyata keçirməyə imkan verməyəcək. “Ermənistan onun olmayan əraziləri ələ keçirmək şansını itirib və Azərbaycanın maraqlarına zidd olan status-kvonu Bakıya tətbiq etmək gücündə deyil.
Müasir Azərbaycanın təhlükəsizliyinin etibarlı qarantı Ermənistanı nəinki məğlubiyyətə uğradan, həm də Qarabağ regionunda terrorçuluq və separatçılıq təhlükəsini aradan qaldıran güclü ordudur", - deyə ekspert bildirib.
Ekspert rəsmi Bakının Qərbin və İrəvanın hərəkətlərinə reaksiyasını ədalətli adlandırıb. “Azərbaycan güclü dövlət və qəbul edilmiş beynəlxalq oyunçudur”,- deyən Sinan Demirtürk Türkiyənin Azərbaycanın ədalətli tələblərini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2024-04-06 23:45:00