×
A
A
A
Sazlamalar

Şimali Kipr lideri BMT-nin Baş katibi ilə Kipr probleminin həlli yollarını müzakirə edib

Bakı, 8 aprel, AZƏRTAC

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar BMT-nin Baş katibi Antonio Quterreş ilə Kipr probleminin həlli yollarını müzakirə edib.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, Ersin Tatar BMT-nin Baş katibi Antonio Quterreşi Kiprdə türk və yunan tərəfləri arasında ortaq təmas nöqtəsinin olmadığı barədə məlumatlandırıb.
ABŞ-a səfərdən qayıdarkən jurnalistlərə məlumat verən E.Tatar bildirib ki, Kiprin yunan tərəfinin adanın gələcəyi ilə bağlı danışıqlar prosesinin başlayacağı iddiaları doğru deyil. O, ABŞ-dakı təmaslarında bu təşəbbüsə son qoyulduğunu bildirib.
E.Tatar qeyd edib ki, BMT Baş katibinin şəxsi nümayəndəsi Maria Angela Holguin Kuellar Kiprdə tərəflər arasında ortaq təmas nöqtələrini araşdırmaq üzərində işləyir. ŞKTR Prezidenti Nyu-Yorkda görüşdüyü bütün rəsmilərə ölkəsinin suverenliyini və bərabərhüquqlu beynəlxalq statusunu təsdiqləmə siyasətini izah etdiyini də vurğulayıb. “Əgər embarqoların və təcridlərin davam etdiyi bir vaxtda bizi sıxışdıracaqlarını, danışıqlar masasına oturdacaqlarını düşünsələr, bu, yanlış olardı. Biz bunu qəbul etməyəcəyik. Biz yeni siyasət yürüdürük və bu siyasət də kifayət qədər aydın və açıqdır”, -deyə E.Tatar vurğulayıb. O, həmçinin A.Quterreşin Kiprin türk tərəfinin mövqeyinə hörmətlə yanaşdığını bildirib və əlavə edib ki, heç bir proses məcburiyyətlə başlaya bilməz.
ŞKTR liderinin sözlərinə görə, danışıqlara başlamaq üçün yeganə yol Kipr türklərinin əldə etdikləri hüquqların qəbuludur. “Yekun nəticə isə bizim respublikanın tanınması olacaq. Bu məsələdə heç vaxt güzəştə getməyəcəyik və müdafiə etdiyimiz “suverenlik və bərabərhüquqlu beynəlxalq status” siyasətindən geri addım atmayacağıq”, -deyə o bildirib.

Dünya 2024-04-08 11:57:00