×
A
A
A
Sazlamalar

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

İstanbul, 30 aprel, Günel Karatepe, AZƏRTAC
Aprel ayı istanbullular və şəhərin qonaqları üçün Lalə Festivalı ilə yadda qalır. Hər ilin apreli İstanbulun Emirgan qoruğu, Gülhane parkı, Sultan Ahmet Meydanı kimi müxtəlif bölgələri lalələrlə bəzədilir.
AZƏRTAC xəbər verir ki, bu il keçirilən festival çərçivəsində şəhərin müxtəlif yerlərində 158 növ lalə, 7 növ sünbül, 8 növ nərgiz olmaqla, ümumilikdə 7 milyon 962 min 701 gül əkilib.
Festivalın adı Osmanlı imperiyasının bir dövrünü tərənnüm edir. Osmanlı padşahlarından III Ahmetin hakimiyyətinə təsadüf edən (1718-1730-cu illər) “Lalə dövrü” əyləncə illəri kimi tanınır və adını çox sonralar İstanbulda yetişdirilən, zamanla bütün dünyada məşhurlaşan lalə çiçəklərindən alıb. Bəzi mənbələrdə o dövrdə İstanbulda 200-dək lalə növünün yetişdirildiyi barədə məlumatlar var.
Hər il konsertlər, foto və rəsm sərgiləri, idman yarışları kimi müxtəlif tədbirlərlə yadda qalan festival çərçivəsində 2015-ci ildə İstanbulun Sultanahmet meydanında 545 min lalədən istifadə edilərək dünyada ilk dəfə çiçəkdən hazırlanan xalça sərgilənib.

Dünya 2024-04-30 17:34:00