×
A
A
A
Sazlamalar

Sahib Məmmədov: İqlim maliyyəsi COP29-un əsas müzakirə mövzularından biri olacaq

Bakı, 8 aprel, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu platformanın Azərbaycanda təşkili ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir və BMT ilə münasibətlərimizdə yeni səhifə açacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin illik iclasında deyib.
O bildirib ki, iqlim maliyyəsi COP29-un əsas müzakirə mövzularından biri olacaq.
“Xüsusilə inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı daha həssasdırlar. Bu məqsədlə 2009-cu ildə Danimarkanın ev sahibliyi etdiyi COP15-də inkişaf etmiş ölkələr 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələri ilə bağlı problemlərin həllində ehtiyacları ödəmək üçün hər il 100 milyard dollar məbləğində vəsaiti səfərbər etməyi öhdələrinə götürmüşdülər. Qeyd edim ki, hal-hazırda qlobal olaraq təxminən 73 ictimai və ya qismən ictimai iqlim fondu mövcuddur. Hazırda onların fəaliyyəti effektiv şəkildə əlaqələndirilmir. Çərçivə Konvensiyasının çətiri altında olan vəsaitlər kifayət qədər kapitallaşdırılmayıb. Bu fondların 2020-ci ildə müxtəlif layihə və proqramlara ümumilikdə 3-4 milyard dollar ödədiyi bildirilib”, - deyə nazir müavinin vurğulayıb.
S.Məmmədov qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa dair imzalanan sənədlərdə də ətraf mühit və iqlim məsələlərinə xüsusi yer verilir.

 

İqtisadiyyat 2024-04-08 11:46:00