×
A
A
A
Sazlamalar

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

Bakı, 4 may, AZƏRTAC

Yeni tənzimləmələrə əsasən elektrik və qazpaylayıcı şəbəkələrində qiymət dəyişikliyinin müəyyən təsirləri olacaq. Sözsüz ki, bu dəyişikliklər əhali kateqoriyasının bu sahədə xərclərinin azalmasına öz töhfəsini verəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli söyləyib.
Onun sözlərinə görə, statistik rəqəmlər onu göstərir ki, bu gün qaz və elektrik enerjisində əsas paylayıcıların quraşdırılmasının 97 faizi daha çox əhali kateqoriyasına aiddir.
“Elektrik enerjisində tələb olunan güc 20 kilovatdan 50 kilovata qədər olduqda qiymət tarifində 17 faiz endirimin nəzərdə tutulduğunu müşahidə edirik. Bu da sözsüz ki, həyət evlərində yaşayan əhali qruplarının büdcəsinə uyğundur və onların xərclərinin azalmasına səbəb olacaq. Ancaq 50 kilovatdan 200 kilovata qədər olan enerji qoşulması tarifində artım olsa da, burada daha çox enerji istehlak edən əhali qruplarıdır”,- deyə ekspert qeyd edib.
Həmçinin qazpaylayıcı şəbəkələrinin qoşulmasında 60 faizə qədər endirim müşahidə olunduğunu bildirən iqtisadçı ekspertin sözlərinə görə, qeyd olunan endirim əsasən həyət evləri üçün nəzərdə tutulub: “İnsanların enerji çıxışına müəyyən güzəştlərin tətbiq edilməsini müsbət hal kimi qiymətləndirmək olar. Sözsüz ki, bu güzəştlər insanların xərclərinin optimallaşdırılması və daha vahid tariflə bu xidmətlərdən istifadə edilməsini nəzərdə tutur. Bundan əvvəl bu cür xidmətlərin həyata keçirilməsi podratçı şirkətlərlə qarşılıqlı razılaşma əsasında həyata keçirilirdi ki, bu da müəyyən narazılıqlara səbəb olurdu. Çünki əhali qrupu eyni iş üçün ayrı-ayrı şirkətlərə müxtəlif qiymətlərlə ödəniş edirdi. Düşünürəm ki, yeni qərarlar bu sahədə olan pərakəndəliyi ortadan qaldıracaq və əhalinin xeyrinə olaraq tənzimlənməsinə imkan verəcək”.
Ekspert onu da vurğulayıb ki, vahid tarifin olması bu sahədə olan idarəetməni və şəffaflığı təmin edəcək.
“Digər tərəfdən sözsüz ki, şirkətlərin də fəaliyyətində müsbət dəyişikliklər müşahidə ediləcək ki, qərarlar onların fəaliyyətinin daha keyfiyyətli həyata keçirilməsinə təsir edəcək. Ümumilikdə hesab edirəm ki, bu tənzimləmələr istehlakçıların əhali qrupunun paylayıcılarla təmin olunmasında müsbət rol oynayacaq və xərclərin optimallaşdırılmasına öz təsirini göstərəcək”, - deyə E.Kərimli qeyd edib.
Xatırladaq ki, Tarif Şurası elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin yeni həddini müəyyənləşdirib. Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:
- 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;
- 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;
- 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;
- Orta gərginlik üzrə 170 manat/kVt.
Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri isə aşağıdakı kimidir:
- Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat;
- Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat.
Qərarlar 3 iyun tarixindən qüvvəyə minəcək.

 

İqtisadiyyat 2024-05-04 13:01:00