×
A
A
A
Sazlamalar

Dünyanın iki ən böyük iqtisadi gücü iqtisadi-ticari məsələlər üzrə işçi qrupları yaradır

Bakı, 6 aprel, AZƏRTAC

ABŞ-ın maliyyə naziri Canet Yellen Çinə rəsmi səfərinin ikinci günündə bildirib ki, Vaşinqton və Pekin Çinin iqtisadi modeli ilə bağlı Birləşmiş Ştatların narazı olduğu məsələləri həll edəcək danışıqlar aparmaq barədə razılığa gəliblər. Dünyanın iki ən böyük iqtisadi gücü bu məsələləri müzakirə etmək üçün işçi qrupları yaradır.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Canet Yellen və Çin hökumətinin başçısının müavini Hi Lifenq qlobal iqtisadi artımın tənzimlənməsi üzrə, habelə “çirkli pulların yuyulmasına” qarşı iki yeni iqtisadi qrup yaradılmasına dair razılıq əldə ediblər.
Agentlik bildirir ki, CXR-ə beşgünlük səfərini Çinin əsas sənaye və ixrac mərkəzlərindən biri olan Şanxaydan başlayan Yellen bu günə qədər yüksək səviyyəli Pekin rəsmiləri ilə danışıqlarda ABŞ-ın ədalətsiz ticarət təcrübələri hesab etdiyi məqamlara diqqət yetirib. ABŞ rəsmisi jurnalistlərə deyib: “Məncə, çinlilər onların sənaye strategiyasının ABŞ-a təsirlərindən, bazarlarda Amerika firmalarının rəqabətini çətinləşdirən ixracat potensialından nə qədər narahat olduğumuzu anlayırlar. Bu, bir gündə və ya bir ayda həll ediləcək məsələ deyil, amma düşünürəm ki, onlar bunun bizim üçün vacib bir məsələ olduğunu bildilər”.
Çinin rəsmi Sinxua agentliyi bildirib ki, tərəflər həm ABŞ, həm də Çində balanslaşdırılmış iqtisadi artım da daxil olmaqla, bir sıra iqtisadi və maliyyə məsələləri müzakirə etmək barədə razılığa gəliblər. Çin, həmçinin onun ixracatını məhdudlaşdıran ABŞ-ın ticari və iqtisadi qadağa tədbirləri ilə bağlı ciddi narahatlığını ifadə edib.
Yellen bildirib ki, ABŞ və Çin daxili və qlobal iqtisadiyyatlarda balanslaşdırılmış artımla bağlı intensiv mübadilələr aparılacağı barədə razılığa gəliblər. “Bu mübadilələr makroiqtisadi tarazlığın pozulması, o cümlədən həddindən artıq istehsal gücü ilə əlaqədar müzakirələri asanlaşdıracaq və mən bu fürsətdən ABŞ işçiləri və firmaları üçün bərabər şərait yaratmaq üçün istifadə etmək niyyətindəyəm”, -deyə Yellen vurğulayıb.
2022-ci ildə ABŞ-da daha çox yüksək texnologiyalı iş yerləri yaratmaq və Çinlə daha yaxşı rəqabət aparmağa kömək etmək məqsədilə yarımkeçirici sənayesini və elmi araşdırmaları inkişaf etdirmək üçün 280 milyard dollarlıq proqramlar qəbul edilib. Bundan əlavə, keçən ilin avqust ayında ABŞ prezidenti Co Bayden Çinə qoyulan yüksək texnologiyalı ABŞ investisiyalarını bloklamaq və tənzimləmək üçün sərəncam imzalayıb.
Canet Yellen bu gün Pekində digər Çin rəsmiləri ilə görüşlərini davam etdirir.

Dünya 2024-04-06 12:23:00