×
A
A
A
Sazlamalar

Dünya Bankı və Efiopiya 1,72 milyard dollarlıq saziş imzalayıb

Bakı, 6 aprel, AZƏRTAC
Efiopiya hökuməti və Dünya Bankı Afrika ölkəsinin inkişafına dəstək məqsədilə 1,72 milyard dollar məbləğində maliyyə sazişi imzalayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Efiopiya Maliyyə Nazirliyinin açıqlamasına görə, bank maliyyə vəsaitini kreditlər və qrantlar şəklində ayıracaq. Həmin vəsait Şərqi Afrika ölkəsinin davamlı inkişafı və inklüziv artıma yönəlmiş altı layihənin həyata keçirilməsi üçün istifadə olunacaq.
Əhalinin qida bazarlarına və digər xidmətlərə əlçatanlığının artırılması və kənd yollarının idarə edilməsi üçün 300 milyon dollar qrant ayrılacaq. Digər 82,5 milyon dollar yoxsulların gəlirlərinin artırılmasına və gənclərin əmək bazarına daxil olmasına sərf ediləcək. Bundan əlavə, 340 milyon dollarlıq kredit Efiopiya düzənliklərində pastoral və aqroçoban icmalarının dolanışıq imkanlarını və iqlimə davamlılığını artırmaq məqsədi daşıyır.
Nazirlikdən verilən məlumata görə, maliyyə dəstəyinə, həmçinin Efiopiyada elektrik şəbəkəsinin gücləndirilməsi, bərpaolunan enerji istehsalının asanlaşdırılması üçün 522 milyon dollar sərmayə, eləcə də ölkədə su təchizatı və kanalizasiya xidmətlərinə çıxışı artırmaq üçün 275 milyon dollarlıq qrant daxildir.

Dünya 2024-04-06 11:20:00