×
A
A
A
Sazlamalar

Estoniyanın İnternet-nəşri Novruz bayramından yazıb

Bakı, 4 aprel, AZƏRTAC

Estoniyanın “Baltija.eu” internet nəşrində “Azərbaycanda Novruz bayramı: ruzi-bərəkətin, firavanlığın və xeyirxahlığın təcəssümü” adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə bir çox türk xalqlarının, o cümlədən Azərbaycan xalqının həyat tərzinin milli və mənəvi dolğunluğunu əks etdirən Novruz bayramının ümumxalq səviyyəsində qeyd olunduğu, xalqın ümumi hiss və istəklərini ifadə etdiyi, Türk mədəniyyətinin qorunmasında əhəmiyyətli rol oynadığı bildirilir.
Məqalədə milli adət-ənənələri, o cümlədən Novruz bayramını yüksək qiymətləndirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu bayram haqqında söylədiyi kəlamlar oxucuların diqqətinə çatdırılır: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Yazıda vurğulanır ki, ruzi-bərəkətin, firavanlığın və xeyirxahlığın təcəssümü olan Novruz bayramı UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın böyük səyləri nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb və 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Nəşrdə, həmçinin qeyd olunur ki, dünyada 300 milyondan çox insan Novruz bayramını yeni ilin başlanğıcı hesab edir. Artıq üçüncü minillikdir ki, Novruz bayramı Balkan ölkələrində, Qara dəniz bölgəsində, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər ərazilərdə qeyd olunur.
“Bu il Novruz şənliyi Azərbaycan xalqı üçün xüsusilə əlamətdardır. Bu bayram suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın bütün guşələrində təntənəli şəkildə və böyük sevinclə qeyd olunub”, – deyə məqalədə vurğulanıb.

Mədəniyyət 2024-04-04 18:43:00