×
A
A
A
Sazlamalar

Minifutbol millisinin baş məşqçisi: Avropa çempionatında final oynamaq istəyirik

Bakı, 4 aprel, AZƏRTAC

“İnanıram ki, Avropa çempionatında qrupdan çıxa bilərik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatının püşkatması barədə danışarkən deyib.
Mütəxəssis qrupda yer alan hər üç komandanın özlərinə uyğun rəqib olduğunu bildirib: “Bu cür turnirlərdə zəif yığma olmur. Komandama çox güvənirəm. Rəqiblərimizə gəlincə, Fransa və İtaliya ilə daha əvvəl qarşılaşmışıq. Avstriya millisi isə bizim üçün yenidir. Onlar barədə geniş məlumata sahib deyilik. Düşünürəm ki, hər üç komanda ilə başabaş mübarizə aparmaq gücündəyik”.
E. Quliyev turnirdəki hədəflərindən də söz açıb: “Avropa çempionatında final oynamaq istəyirik. Heyətimiz buna imkan verir. Təlim-məşq toplanışı üçün milliyə 6 yeni futbolçu dəvət edəcəyik. Hədəfimiz böyükdür. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Azərbaycan millisi İtaliya, Fransa və Avstriya ilə birgə F qrupunda mübarizə aparacaq. Avropa çempionatı iyunun 1-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq.

İdman 2024-04-04 17:04:00