×
A
A
A
Sazlamalar

Bərpaolunan enerji üzrə maarifləndirici görüş təşkil edilib

Bakı, 3 aprel, AZƏRTAC

Energetika Nazirliyi tərəfindən İctimai Şuranın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Gənc nəslin bərpaolunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məktəbin direktoru Almaz Həsrət görüşün keçirilməsinin şagirdlərin bərpaolunan enerji mənbələrindən istifadənin iqtisadi, ekoloji və sosial faydaları haqqında biliklərinin artırılması istiqamətində əhəmiyyətini vurğulayıb.
Energetika Nazirliyinin sektor müdiri Cahid Mikayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətə uyğun olaraq bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində Azərbaycanda görülən işlərdən bəhs edib, həyata keçirilən layihələr, prioritetlər və gələcək hədəflər barədə məlumat verib. 2024-cü ilin dövlətimizin başçısı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanın COP29-a ev sahibliyinin həm bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, həm də müvafiq istiqamətdə məlumatlılığın artırılmasına yeni fürsətlər yaratdığı qeyd edilib.
Sonra Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov şuranın fəaliyyəti haqqında məlumat verib, şagirdlərin gələcəkdə ixtisas seçimi zamanı yaşıl enerji və enerji səmərəliliyi kimi istiqamətləri də nəzərdən keçirmələrinin sahənin dayanıqlı inkişafına töhfə verə biləcəyinə diqqət çəkib.
Görüş çərçivəsində İctimai Şura üzvlərinin bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı, su və enerji kimi resurslara qənaət, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması barədə çıxışları dinlənilib, İctimai Şuranın yaşıl enerji sahəsinin inkişafı üzrə apardığı təbliğat və maarifləndirmə işləri diqqətə çatdırılıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

İqtisadiyyat 2024-04-03 19:47:00