×
A
A
A
Sazlamalar

Mixail Qusman: COP29-un Azərbaycanda keçirilməsi müasir dünyada ölkənin ən yüksək nüfuzundan xəbər verir

Moskva, 3 aprel, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi müasir dünyada ölkənin ən yüksək nüfuzundan xəbər verir.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman ifadə edib.
Jurnalist əlavə edib: “COP29 kimi mühüm tədbirin Azərbaycanda keçirilməsi özlüyündə qlobal əhəmiyyət kəsb edən bir faktdır. Bu mövzu iqlim məsələləri, müasir çağırışlar fonunda həmin prioritetdir və hər kəsin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən əvvəlki konfrans on minlərlə iştirakçını, 100-dən çox dövlət başçısını bir araya toplayıb. Azərbaycanda da təxminən eyni sayda nümayəndənin iştirak edəcəyi gözlənilir”.
Mixail Qusman qeyd edib ki, bu tədbir təşkilati nöqteyi-nəzərindən də böyük əhəmiyyətə malikdir. O vurğulayıb: “Deyə bilərəm ki, Azərbaycanda bu miqyasda tədbir keçirilməyib. Bu konfransın keçirilməsi üzrə Azərbaycana etimad göstərilməsi ölkənin ən yüksək nüfuzundan, müasir dünyada reputasiyasından xəbər verir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, məhz Prezident İlham Əliyev uzun illərdir müasir energetikanın mühüm gələcəyindən bəhs edir”.
Rusiyalı jurnalist xatırladıb ki, əvvəlki illərdə olduğu kimi, neft və qaz indi də Azərbaycan üçün mühümdür. O əlavə edib: “Amma Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, irəliyə baxmaq lazımdır, həmin təbii ehtiyatlar tükənəndir, əlbəttə, gələcək “yaşıl” energetikanındır. Bu gün iqlim dəyişikliyi məsələləri hər kəsi narahat edir. Dövlət başçıları, xalqlar, mətbuat da bu məsələdən narahatdırlar. Bu mövzudan tez-tez və çoxlu bəhs olunur. Bu gün hətta bəzi əlamətləri də görürük. Elə Azərbaycan üçün çox mühüm olan Xəzər hövzəsinin dayazlaşması problemini götürək. Söhbət gedir ki, bu, uzunmüddətli problem deyil və Xəzərin səviyyəsi yenə də qalxmağa başlayacaq. Xatırlayıram, 40 il əvvəl də Xəzər dayazlaşırdı və həmin vaxt görkəmli akademik, Azərbaycanın okeanologiya məktəbinin banisi Qasım Gül özünün bir çox tədqiqat işlərini bu mövzuya həsr etdi. Həqiqətən, Xəzər dənizi müəyyən dərəcədə özünə qayıtdı”.
Mixail Qusmanın sözlərinə görə, indi Xəzər dənizi göz görə-görə dayazlaşır və bu problemin ölkə üçün faciəyə çevrilməməsi naminə tədbirlər görülməlidir. O sonda vurğulayıb: “Dəyişən hava şəraiti, yer sahəsinin ildən-ilə bir dərəcə genişlənməsi də böyük təhlükədir. Bütün bunlar ciddi müzakirə və təhlil tələb edir. Əminəm ki, Azərbaycan bütün dünya üçün bu ən mühüm konfransın təşkilatçısı kimi bunun öhdəsindən gələcək. Beləliklə, qarşıda hamını çox ciddi söhbət gözləyir”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

 

İqtisadiyyat 2024-04-03 16:18:00