×
A
A
A
Sazlamalar

Rusiya və Azərbaycan yeni texnologiyalara əsaslanan məhsul istehsal etmək üçün potensiala malikdir

Bakı, 2 aprel, AZƏRTAC

Rusiya və Azərbaycan yeni texnologiyalara əsaslanan məhsul istehsal etmək üçün böyük potensiala malikdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Loqika” konserninin rəhbəri, Rusiya Federasiya Şurası yanında Elmi-Texniki Komitənin üzvü Pavel Nikitin deyib. O bildirib ki, rəhbərlik etdiyi müəssisə yeni texnologiyalar əsasında qaz və su buxarının istənilən diametrli borularla nəql olunması zamanı təzyiqin, həcmin, sürətin ölçülməsi üçün cihazlar istehsal edir.
Bakıda “Sankt-Peterburq və Azərbaycan: Əməkdaşlıq üfüqlərinin genişləndirilməsi” mövzusunda keçirilən biznes forumda iştirak edən Pavel Nikitin nəzərə çatdırıb ki, iki ölkənin iş adamlarının intensiv görüşləri tərəflər üçün faydalıdır.
“Biz istehsal etdiyimiz məhsul üçün Azərbaycan bazarını nəzərdən keçirdik və müəyyən etdik ki, müəssisəmizin istehsal etdiyi cihazlara burada tələbat var. Azərbaycan da Rusiya kimi neft və qaz istehsal edən dövlətdir. Bu amil onu deməyə əsas verir ki, qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar mövcuddur”, - deyə rusiyalı iş adamı qeyd edib.
Pavel Nikitin onu da vurğulayıb ki, forum çərçivəsində Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə Cihazqayırma Zavodu” MMC-nin nümayəndələri ilə görüş keçirəcək: “Görüşdə qarşılıqlı əməkdaşlıqla yanaşı, birgə məhsul istehsal edib dünya bazarına çıxarmaq məsələsini də müzakirə edəcəyik. Azərbaycan ilə daha sıx əməkdaşlıq edəcəyik”.

İqtisadiyyat 2024-04-02 19:11:00