×
A
A
A
Sazlamalar

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri iftar yeməyi təşkil edib

Bakı, 2 aprel, AZƏRTAC

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) növbəti ənənəvi iftar yeməyi tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, müqəddəs Ramazan ayında təşkil edilən tədbirdə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) prezidenti Məmməd Musayev, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini Mətin Əsgər, millət vəkilləri, rəsmi şəxslər, iş adamları, ictimaiyyətin nümayəndələri və media təmsilçiləri iştirak edib. Həmçinin şəhid və qazilərin ailə üzvləri iftar yeməyinə fəxri qonaq olaraq dəvət edilib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanılıb.
Qonaqları salamlayan TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Ramazanın birlik və həmrəylik ayı olduğunu bildirib. TÜİB Azərbaycan-Türkiyə arasında işgüzar və mədəni-humanitar əlaqələrin güclənməsində aktiv iştirak etdiyini qeyd edib.
Daha sonra iftar tədbiri ilə bağlı Türkiyənin ticarət naziri Prof.Dr. Ömer Bolat, Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Prof.Dr. Göksel Aşan və Ak Parti sədr müavini, Trabzon millət vəkili Mustafa Şenin məktubları oxunub.
Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədrinin müavini Mətin Əsgər TÜİB ilə birgə həyata keçirilən “Qardaş Ailə” layihəsinin Azərbaycan və Türkiyə şəhid ailələrini və qaziləri bir araya gətirərək mənəvi dəstəyin göstərilməsi, qardaşlıq bağlarının daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Tədbirin sonunda TÜİB-in həyata keçirdiyi layihələrə dəstək göstərən dövlət qurumları və TÜİB üzvlərinə plaketlər təqdim edilib.

İqtisadiyyat 2024-04-02 18:18:00