×
A
A
A
Sazlamalar

“Morgan Stanley”: Qlobal qaz bolluğu yaxın illərdə ən yüksək həddə çata bilər

Bakı, 2 aprel, AZƏRTAC

Qış mövsümünün gözlənildiyindən daha isti keçməsindən sonra dünyanın tədarük bolluğu ilə mübarizə apardığı bir şəraitdə təbii qazın qiymətləri də aşağı düşür.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın çoxmillətli investisiya bankı və maliyyə xidmətləri şirkəti “Morgan Stanley”in yeni hesabatında qeyd olunur ki, son vaxtlar mayeləşdirilmiş təbii qaz hasilatının artması qiymətlərin və mənfəətin çoxalmasına səbəb olub və bu sektorda investisiya dalğasına təkan verib. Hazırda gücü ildə 150 milyon tondan çox olan LNG zavodları tikilir. Belə ki, istehsalın ildə 400 milyon tonu ötdüyü bazar üçün bu, “təchizatda əhəmiyyətli artım” deməkdir.
“Biz gözləyirik ki, qaz bazarında təklifin artacağı yaxın illərdə tədarük çoxillik maksimuma çatacaq”, - deyə “Morgan Stanley” ekspertləri qeyd edirlər.
Təbii qazın qiyməti hazırda MMBtu (Britaniya istilik vahidi) üçün 1,83 dollar təşkil edir ki, bu da cari ilin başlanğıcından bəri təxminən 22 faiz aşağı deməkdir. Həmişəkindən daha isti keçən qış mövsümü istiliyə olan tələbatı və nəticədə, əsas LNG istehlakçı ölkələrində qaz tələbini azaldıb.
“S&P Global”ın Asiyada inkişaf etməkdə olan qaz və LNG bazarları üzrə rəhbəri Ji Cin Çonqun sözlərinə görə, ABŞ, Avropa və Şimali Asiya kimi Şimal yarımkürəsi regionlarında yaşanan mülayim qış şəraiti səbəbindən qlobal təbii qaz qiymətləri aşağı yöndə dəyişir. O, həmçinin əlavə edib ki, nəticədə, ortadan yuxarı saxlama həcmləri qiymətlərə böyük təsir göstərib və bu vəziyyət oktyabr ayından etibarən aşağıya doğru dəyişməkdə davam edir.
Dünyanın ən böyük LNG istehlakçısı olan ABŞ-da cari ildə rekord dərəcədə isti qış, Avropada isə ikinci ən isti qış temperaturları qeydə alınıb. Bu qış Yaponiyada orta temperatur da normadan 1,27 dərəcə Selsi yüksək olub.
Ji Cin Çonq qeyd edir ki, aşağı qiymətlərdən hamıdan çox Avropa ölkələri faydalanacaq.

İqtisadiyyat 2024-04-02 15:07:00