×
A
A
A
Sazlamalar

Qobustanda genişzolaqlı internetə çıxış 89 faiz təşkil edir

Bakı, 2 aprel, AZƏRTAC

“Aztelekom” MMC Qobustan rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 89 faizinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, Qobustan şəhər mərkəzi, Qobustan rayonunun Dərəkənd, Cəyirli, Çelov, Qurbançı, Ərəbşahverdi, Bədəlli, Üzümçü, Sədəfli, Cəmcəmli, Yekəxana, Təsi, Poladlı, Təklə, Təklə-Mirzəbaba, Çuxanlı, Nabur və Bəklə kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə, Qobustan rayonu ərazisində 7355 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib.
Hazırda Qobustan şəhərində 1815 təsərrüfatdan 1783 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq, 18 AZN-dən 54 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un 170 - Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, ümumilikdə 2,1 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 71 faizini təşkil edir.

İqtisadiyyat 2024-04-02 14:22:00