×
A
A
A
Sazlamalar

Vətən müharibəsi 100 ilə yaxın azərbaycanlılara qarşı etnik zəmində həyata keçirilən cinayətlərə ciddi cavab oldu - RƏY

Bakı, 30 mart, AZƏRTAC
1917-ci ilin oktyabrında Rusiyada baş verən çevrilişdən sonra həmin ilin fevralında yaranmış müvəqqəti hökumətin devrilməsi ilə hakimiyyətə bolşeviklər gəldilər. Bolşeviklərin gəlişindən sonra çar Rusiyasında sosial-siyasi təlatümlər baş qaldırdı. Geosiyasi nöqteyi-nəzərdən bunun fundamental səbəbi onunla bağlı idi ki, Rusiya Antanta blokunu tərk etmişdi. Sovet Rusiyasının müharibədən çıxması, bloka üzv olan Böyük Britaniya və Fransanın kəskin reaksiyası ilə nəticələndi. Rusiyanın Antanta blokundan çıxması və onun daxilində baş verən hadisələr enerji resursları ilə zəngin Cənubi Qafqaz regionunun Almaniya və Osmanlı imperiyasından ibarət blokun nəzarəti altına keçməsinə gətirib çıxara bilərdi. İngilislər və fransızlar isə bunu qətiyyən istəmirdilər. Ona görə də bu dövlətlər Cənubi Qafqaz uğrunda şiddətli mübarizələrə başladılar. Tarixdə hər zaman dənizdən-dənizə “böyük Ermənistan” kimi absurd arzularla yaşayan ermənilər də ideyalarını həyata keçirmək üçün imperiyalararası toqquşmalardan, böyük müharibələrdən və Rusiya imperiyasının zəifləməsindən istifadə etməyə çalışdılar. Beləliklə, 1918-ci il martın 31-dən aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif yerlərində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılar kütləvi şəkildə, vəhşicəsinə qətlə yetirildilər. Rəsmi mənbələrə əsasən, bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdü.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Sübhan Padarsoy söyləyib.
Oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı sovetinin Bakı quberniyasında hakimiyyəti zəbt etdiyini xatırladan S. Padarsoy bildirib: “Şaumyan mübarizəsini, əslində, faktiki olaraq bolşevik bayrağı adı altında aparırdı. Ancaq ingilis jurnalist və tarixçi Peter Hobkrik qeyd edir ki, İngiltərə hökuməti etnik cəhətdən erməni olan Stepan Şaumyana 1 milyon qızıl rubl məbləğində ilkin yardım etmişdi. Hobkrik, eyni zamanda, onu da vurğulayır ki, Şaumyanın rəhbərlik etdiyi daşnakların türk-müsəlman əhaliyə qarşı amansızlıqları, qarətləri və qırğınları ingilislərin özünü də narahat etməyə başlamışdı. Ona görə də ingilis hökuməti onlara dəstəyi dayandırmışdı. İlk kütləvi qırğınlar Bakı quberniyasından başlamışdı. Ermənilər yerli mətbuat orqanlarının binalarına hücumlar etmiş, “Kaspi” qəzetinin redaksiyasını isə tamamilə dağıtmışdılar. On iki mindən çox günahsız türk-müsəlman əhalisi isə erməni daşnakları tərəfindən qətlə yetirilmişdi.
Ermənilər Quba qəzasının əhalisinə qarşı da amansız qırğınlar törədiblər. Onların məqsədi təkcə türk-müsəlman əhalisini qətlə yetirmək deyildi, eyni zamanda, yəhudilərə, tatlara, ləzgilərə qarşı da qırğınlar həyata keçirilirdi. Ümummilli Lider Heydər Əliyev bu hadisələrə qiymət verərkən bildirmişdi ki, Quba soyqırımı təkcə türk-müsəlman əhalisinə qarşı deyil, həmçinin ləzgilərə, tatlara, yəhudilərə qarşı yönəlmişdir. Tarixi sənədlərdə də öz əksini tapdığı kimi, Quba qəzası ətrafındakı ləzgi kəndlərinin əhalisi erməni daşnaklarına qarşı mübarizəyə başladıqdan sonra digər kəndlərin əhalisi də ayağa qalxmışdı. 1918-ci ildə işğalçı erməni daşnakları Quba qəzasının 162-i kəndindən 27-sini əhalisi ilə birgə yandırmışdılar. Nəticədə 16 mindən çox müsəlman qətlə yetirilmişdi. Qubada həyata keçirilmiş bu ağlasığmaz qırğının digər böyük bölgələrdə törədilən qətliamlardan əsas fərqi ondan ibarət idi ki, buradakı amansızlıq digər etnik azlıqların nümayəndələrinə qarşı da yönəlmişdi”.
S. Padarsoy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il iyunun 15-də faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komitəsi yaradıldığını xatırladıb. Qeyd edib ki, xüsusilə Şamaxı və Qubadakı vəhşiliklər üzərində xüsusi araşdırma aparılırdı. Bundan əlavə, dünya ictimaiyyətinə o zaman baş verən həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyinin nəzdində bir qurum da təşkil olunmuşdu. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin yarımçıq qalmasına səbəb olmuşdu.
Baş məsləhətçi bildirib ki, 1998-ci ildə Ulu Öndər tərəfindən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olundu. Bu qərarın AXC dövründə 1918-ci il martın 31-dən aprelin 3-dək azərbaycanlılara qarşı törədilən qırğınlara verilən siyasi qiymətin tamamlanması baxımından xüsusilə vacib əhəmiyyət daşıdığını vurğulayan STM-in nümayəndəsi deyib: “Prezident İlham Əliyev 2018-ci ildə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzaladı. Həmin Sərəncamda soyqırımının 100 illiyi ərəfəsində xüsusi tədbirlər planının hazırlanıb həyata keçirilməsi təmin edildi. Çünki soyqırımını dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırmaq lazım idi. Bundan əlavə, Qubadakı kütləvi məzarlıqlar üzərində Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı dövlətimizin başçısının Qərarı da xüsusi əhəmiyyət daşıyır. Bu kompleks erməni daşnak qüvvələrinin təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində, xüsusilə də Qubada yerli türk-müsəlman əhalisinə qarşı amansızcasına qırğınlar həyata keçirdiyini əyani şəkildə əks etdirir”.
2020-ci il Vətən müharibəsinin faktiki olaraq 100 ilə yaxın dövrdə azərbaycanlılara qarşı etnik zəminində həyata keçirilən cinayətlərə qarşı ciddi cavab xarakteri daşıdığını vurğulayan S.Padarsoy bildirib: “Bununla da ermənilərin haydut ideoloji prinsipləri Azərbaycan Ordusu tərəfindən döyüş meydanında məhv edildi. Azərbaycan Silahlı Qüvvələri bu ideoloji prinsipin artıq nə dərəcədə xəyali və əsassız olduğunu, yalnız qonşu ölkələri zəbt etməyə, onlara qarşı qırğınlar törətməyə istiqamətləndiyini ortaya qoydu. Vətən müharibəsi nəticəsində qəhrəman əsgərlərimiz tərəfindən, sadəcə, şəhidlərimizin deyil, yüz illər boyu ermənilər tərəfindən qətlə yetirilən əliyalın, silahsız azərbaycanlıların da intiqamı alınmış oldu”.

31 mart 2024-03-30 18:07:00