×
A
A
A
Sazlamalar

Akademik: Azərbaycanlılara qarşı soyqırımı siyasətinin kökündən məhv edildiyi artıq tarixi faktdır

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycanlıların soyqırımları ilə bağlı həqiqətlər uzun illər gizlədilib və biz başımıza gətirilən müsibətlərdən, faciələrdən xeyli müddət xəbərsiz qalmışıq. Azərbaycan Xalq Cümhuriyyəti haqqında uzun müddət heç bir informasiyamız olmadığı kimi, 1918-ci ilin mart soyqırımları barədə də məlumatımız yox idi. Bu da təbii ki, sovet ideologiyasının nəticəsi idi. Mövcud sistem tariximizlə bağlı faktların insanlara çatdırılmasına hər vəchlə mane olur, imkan vermirdi.
Azərbaycanlıların soyqırımı tarix boyu bir neçə dəfə deyil, dəfələrlə olub və demək olar ki, hamısı da eyni ssenari əsasında törədilib. Hətta 1905-ci ildə Bakıda, Qarabağda, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şərqi Anadoluda baş verən hadisələr nəticə etibarilə eyni ssenarinin davamı idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, akademik Nizami Cəfərov söyləyib.
Akademik bildirib ki, burada başqa bir məsələ də diqqəti cəlb edir. Sovet ideologiyası bir həddə qədər obyektiv hərəkət etməyə çalışırdı. Lakin tarixi hadisələr yaddaşımızdan məqsədli şəkildə silinirdi. Sovet sistemi bunu guya xalqların tarixində, yəni sovet xalqlarının yaddaşında düşmənçilik, nifaq yaranmaması üçün edirdi.
“Tarix göstərdi ki, əgər bir hadisə baş veribsə, onu yaddaşlardan silmək və ya süni şəkildə unutdurmaq mümkün deyil. Məsələnin mahiyyətini, kökünü bilmədən dostluq münasibətləri yaranmır. Bu, özünü 1918-ci ilin mart hadisələrində də göstərdi. Faktlar da sübut edir ki, həmin ilin mart-aprel aylarında baş verənləri araşdırmaq üçün Cümhuriyyət xüsusi dövlət komissiyası yaratmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti yaddaşımıza qayıtdığı kimi, həmin dövrdə baş verən hadisələr də xatırlandı. Bu yaddaşın xatırlanmasının bir səbəbi də Ermənistanın sovet hakimiyyəti dövründə, yəni azacıq imkan və fürsət əldə edən kimi Azərbaycana qarşı təcavüzkar münasibət göstərməsi ilə bağlıdır. Xalqımız bu münasibətin ən acı dalğasını 1948-1950-ci illərdə hiss etdi. Qərbi azərbaycanlıların növbəti deportasiyası da məhz həmin dövrə təsadüf edir. Soydaşlarımız öz tarixi torpaqlarından, evlərindən, yurdlarından Azərbaycanın Aran rayonlarına köçürdülər. Ermənistandan insanların, özü də məhz azərbaycanlıların doğma torpaqlarından köçürülməsi ciddi siyasi məsələ idi və etnik xarakter daşıyırdı”, - deyə N.Cəfərov diqqətə çatdırıb.
Vurğulanıb ki, 1918-ci ilin mart-aprel aylarında baş verənlər rəsmi Moskvanın qərarı olsa da, ermənilərin təhriki ilə edilmişdi. Yəni, Moskva erməni hiyləsinə uymuşdu. Nəticə etibarilə bu, Azərbaycan xalqının başına gətirilən böyük fəlakət idi.
Bildirilib ki, ermənilər tərəfindən Azərbaycana qarşı dəfələrlə təcavüz aktı həyata keçirilib və bu aktlardan biri də ermənilərin ərazi iddiası ilə çıxış etmələri idi. Keçmiş Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi ilə bağlı planlar isə həyasızlığın son həddi idi. Bu, sovet ideologiyasına heç cür uyğun gəlmirdi.
Sovet İttifaqı dağılandan sonra ermənilərin ölkəmizə qarşı təzyiqinin daha da gücləndiyini diqqətə çatdıran N.Cəfərov qeyd edib: “Ermənilərin ərazi iddiaları nəticəsində rayonlarımız bir-birinin ardınca işğal edildi, Ermənistanda qalan bütün azərbaycanlıların tamamilə çıxarılması prosesi həyata keçirildi. Ölkənin daxilində xaos və hərc-mərclik yarandı. Bunlar hamısı azərbaycanlılara qarşı mənəvi soyqırımı özündə əks etdirirdi.
Amma bu gün o təcavüz və təzyiqlərin, azərbaycanlılara qarşı soyqırımı siyasətinin kökündən məhv edilməsi artıq tarixi faktdır. Ulu Öndər Heydər Əliyevin siyasətinə əsaslanan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Zəfəri ilə təcavüzkara layiqli cavabını verdi.
Akademik bildirib ki, Azərbaycan xalqına qarşı soyqırımıda iştirak etmiş ermənilərin sonuncu nəsli bu gün hüquq-mühafizə orqanlarımızın əlindədir. Əli xalqımızın qanına batmış cinayətkarlar indi Azərbaycanın ədalət məhkəməsi qarşısında dindirilir.
“100 ildən çox müddətdə həyəcanlı tarix yaşamışıq. Soyqırımı hadisəsi elə-belə deyil. Soyqırımı bir millətin qəsdinə durmaqdır və şükürlər olsun ki, bunun qarşısı alındı.
Alimlərimiz soyqırımı tarixlərini yaxşı tədqiq ediblər. Siyasətçilərimiz də bununla bağlı müəyyən sözlərini deyiblər, hüquqşünaslarımız bu sahədə ciddi çalışırlar. Həqiqət öz yerini tapır, cinayətkarlar cəzalandırılır. Bu, vacib və tarixi məqamdır, Azərbaycan xalqının qürurunu yüksəldir”, - deyə Nizami Cəfərov vurğulayıb.

31 mart 2024-03-30 11:12:00