×
A
A
A
Sazlamalar

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin 1974-cü il məzunları ilə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova və Fizika fakültəsinin dekan müavini dosent Xankişi Məmmədov məzunlara universitetdə və fakültədə aparılan işlər haqqında ümumi məlumat veriblər.
Görüşdə Pedaqoji Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov məzunları maraqlandıran sualları cavablandırıb, ADPU-da aparılan elmi-tədqiqat işlərindən danışıb.
Tədris departamentinin direktoru dosent Sənan Əliyev müvafiq sahədə həyata keçirilən yeniliklərdən söz açıb.
Sonra məzunlardan Nizami Əhmədov, Mahir Sarıyev, Sabir Şabanov, Ağaxəlil Əliyev və Əziz Babayev tələbəlik illərinin xatirələrini bölüşüblər.
Daha sonra məzunlar ADPU-nun yenilənmiş Kitabxana-İnformasiya Mərkəzi ilə tanış olublar.
Təhsil aldıqları auditoriyaları gəzərkən ötən illərini bir daha xatırlayan 50 il öncənin məzunları doğma universitetlərindən xoş təəssüratlarla ayrılıblar.

Elm və təhsil 2024-03-29 19:24:00