Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans
Bakı, 29 mart, AZƏRTAC
AMEA Lənkəran Regional Elmi Mərkəzi Quba Soyqırımı Memorial Kompleksi ilə birgə “1918-ci il Azərbaycanın bölgələrində azərbaycanlıların soyqırımı” mövzusunda onlayn elmi konfrans keçirib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfransın moderatoru AMEA Lənkəran REM-in elmi katibi Cəmil Quliyev ermənilərin xalqımıza qarşı 1918-ci ilin martında törətdiyi soyqırımının araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başladıldığını söyləyib. O, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini diqqətə çatdırıb. REM-in elmi katibi soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb.
Elmi konfransda Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova “1918-ci il Quba soyqırımı”, Lənkəran REM-in direktoru Mehman Qaraxanoğlu Əliyev “Məmməd Səid Ordubadinin “Qanlı sənələr” əsərində 31 Mart soyqırımı fəryadlarının əks-sədası”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov “31 Mart soyqırımı: dini abidələr kontekstində” adlı məruzələrlə çıxış ediblər. Tədbirdə, həmçinin “Soltan Məhəmməd bəy Qulubəylinin “Təlatümlü illər” əsərində Lənkəran qəzasındakı mart soyqırımının təsviri”, “Şərqi Anadoluda türk-müsəlman əhalisinin soyqırımı”, “1918-ci ildə Urmiyada azərbaycanlıların soyqırımı”, “Soyqırımı Memorial Kompleksinin əhəmiyyəti”, “Lənkəranda türk-müsəlman soyqırımının tarixşünaslığı (arxiv materialları əsasında)” və “1918-ci il Neftçalada soyqırımı” mövzularında məruzələr dinlənilib.
Qeyd edilib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı tablolarından biridir. Rəsmi mənbələrə əsasən, bu soyqırımı nəticəsində 50 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, minlərlə insan itkin düşüb.
DİM: Peşə tanınması üzrə imtahanda 149 nəfər uğur qazanıb
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı təşkil edilib
AMEA prezidenti: Honkonq Kore Akademiyası ilə əməkdaşlıq üçün geniş imkanlar var