×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 29 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov ermənilərin iki əsr ərzində müxtəlif vaxtlarda azərbaycanlılara qarşı soyqırımı törətdiklərindən danışıb. Qeyd edib ki, 1918-ci ilin mart soyqırımı zamanı yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirilib.
Elxan İsakov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamına əsasən Quba Soyqırımı Memorial Kompleksi yaradılıb və bu kompleksin 2013-cü ildə açılışı olub.
Daha sonra professor Pərvin Məmmədova və aparıcı elmi işçi Nüsrət Əliyev 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciə olmasından danışıblar.
Çıxışlarda, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər və 2023-cü ilin sentyabrında bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın suverenliyinin tam təmin edildiyi, soyqırımı qurbanlarının qisasının alındığı vurğulanıb.

Elm və təhsil 2024-03-29 16:57:00