×
A
A
A
Sazlamalar

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

Bakı, 28 mart, AZƏRTAC

“Çalışacağıq ki, hər iki oyuna yaxşı hazırlaşaq. Komandaya dəvət etdiyimiz qızlar hazırda öz klublarında oynayırlar. Ümid edirəm ki, hər biri təlim-məşq toplanışına hazır formada gələcəklər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrəyə qarşı keçirəcəkləri matçlar barədə danışarkən deyib.
O bildirib ki, əsas məqsədləri Macarıstanla ilk oyundan xalla dönməkdir: “Macarıstanda qadın futbolu inkişaf yolundadır. İllərdir B liqasında mübarizə aparırlar. Onlarla bu vaxta kimi yalnız aşağı yaş qruplarında keçirdiyimiz görüşlərdə üz-üzə gəlmişik. Əsas komanda ilə ilk dəfə qarşılaşacağıq. Olduqca keyfiyyətli futbolçuları var. Amma bizim qızlar da pis deyil. Artıq formalaşmış bir komandayıq. İlk oyunlar həmişə daha çətin olur. Buna görə də meydanda sonadək vuruşacağıq”.
Mütəxəssis yığmanın digər rəqibi İsveçrənin də yüksək potensiala malik olduğunu vurğulayıb: Kifayət qədər təhlükəli rəqibdir. Çünki keyfiyyətli futbolçulardan ibarət heyəti var. Bu kollektivlə də indiyədək bir qrupa düşməmişdik. Bizim üçün yeni təcrübə olacaq. Bu matçda da çalışacağıq ki, bizə lazım olan xalı qazanaq. Qrupda daha da irəliyə getmək üçün var gücümüzlə mübarizə aparacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 5-də səfərdə Macarıstanla, bundan 4 gün sonra isə Bakıda İsveçrə ilə görüşəcək.

İdman 2024-03-28 13:46:00