×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Bakı, 28 mart, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycan xalqının tarixi yaddaşından silinməyən soyqırımı” mövzusunda mühazirə keçirilib.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, mühazirədə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Mühazirədə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova 1918-ci ildə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrdən, tarix boyu ermənilərin öz havadarlarına söykənərək azərbaycanlılara qarşı təcavüzkar siyasət yeritdiklərindən, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən bu hadisələrə hüquqi qiymət verilməsindən bəhs edib. Bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın haqq səsi artıq dünya ictimaiyyəti tərəfindən qəbul olunur.
Mövzu ilə əlaqədar videoçarx nümayiş olunduqdan sonra MDU-nun Humanitar fənlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirovanın mühazirəsi dinlənilib. Mühazirəçi 1918-ci il 31 Mart Soyqırımının ermənilərin xalqımıza qarşı həyata keçirdiyi böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazıldığını söyləyib. O, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı Haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verildiyini, bu gün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü diqqətə çatdırıb.
A.Qədirova, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılaraq saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlərin dəyişdirilməsinin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb.
Mövzu ətrafında aparılan müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb.

Elm və təhsil 2024-03-28 11:00:00