×
A
A
A
Sazlamalar

Baş katib: Azərbaycan millisi “FIFA series - Edition 2024”-də yaxşı mübarizə apardı

Bakı, 26 mart, AZƏRTAC

Azərbaycan millisi “FIFA series - Edition 2024” turnirində yaxşı mübarizə apardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
O, millinin Monqolustanla keçirilən ilk matçda çoxlu qol şansları yaratdığını bildirib: "Lakin təəssüf ki, bu fürsətlərdən yararlana bilmədik. Demək olar ki, 90 dəqiqə matç bizim üstünlüyümüz şəraitində keçdi. Bolqarıstanla qarşılaşma da pis alınmadı. Hər iki hissədə qol şanslarımız oldu. Üç qitənin komandası bu turnirdə iştirak etdi. Bu, ölkə futbolunun inkişafına da müsbət təsir göstərəcək".
Baş katib turnirin maliyyə xərclərinin bir çox hissəsinin FIFA tərəfindən qarşılandığını söyləyib: "Bu, ali qurumun layihəsi idi. Ona görə də onlar daha çox maliyyə ayırdılar".
Sərxan Hacıyevin sözlərinə görə, milli komandaya yeni gələcək baş məşqçinin kim olacağı dəqiq deyil: "İşçi qrupunun müzakirələrindən sonra baş məşqçi məsələsi ilə bağlı qərar qəbul olunacaq. Hələ ki heç kimlə danışıq aparılmır".
Qeyd edək ki, Azərbaycan millisi “FIFA series - Edition 2024” turniri çərçivəsində Monqolustana 1:0 hesabı ilə qalib gəlib, Bolqarıstanla isə 1:1 hesablı heç-heçə edib.

İdman 2024-03-26 03:37:00