×
A
A
A
Sazlamalar

Pedaqoji Universitetdə yeni tələbə klubları fəaliyyətə başlayıb

Bakı, 18 mart, AZƏRTAC

ADA Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kosmos klubu yaradılıb. Tələbə klubu ADPU-da Təhsil Könüllüləri Tələbə Birliyinin nəzdində, ADA Kosmos klubu və Qalaktika Cəmiyyəti ilə birgə fəaliyyət göstərəcək.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın 10 universiteti, “Azərkosmos” və Şamaxı Astrofizika Rəsədxanası ilə yenicə əməkdaşlıq edən qlobal Qalaktika Cəmiyyəti artıq azərbaycanlı tələbələr, şagirdlər və elm həvəskarları üçün çağırış edir. Cəmiyyət ADA Universitetində təcrübə proqramı, “Qalaksi” görüşündə (ABŞ, 2026) iştirak şansı, karyera inkişafı, elmi məqalə dərci, beynəlxalq sertifikatlar, konfranslar, yarışlar, olimpiadalarda iştirak və s. kimi 35 xidmət növünü özündə birləşdirir.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADPU arasında əməkdaşlıq çərçivəsində universitetin əsasən riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi ixtisaslarında təhsil alan, eyni zamanda, İKT sahəsinə həvəsi və bacarığı olan tələbələrinin informasiya texnologiyaları üzrə peşəkar inkişafına dəstək olmaq və şəbəkələşmə prosesinə təkan vermək məqsədilə ADPU-da Kiberklub yaradılıb. Klub həm də digər ali təhsil müəssisələri ilə təcrübə mübadiləsi vasitəsilə gənclər arasında körpü rolunu oynayacaq.
ADPU-da yeni fəaliyyətə başlayan digər klub isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında ADPU Tələbə Gənclər Təşkilatının nəzdində yaradılan “CreART” könüllü mədəniyyət klubudur. Klub mütəmadi olaraq tələbələr üçün film nümayişləri və ekskursiya tipli layihələr həyata keçirməklə onlarda estetik təfəkkürün formalaşmasına töhfə verməyi hədəfləyir.

Elm və təhsil 2024-03-18 11:02:00