×
A
A
A
Sazlamalar

“Yüksəliş” müsabiqəsi tərəfindən “Bahar mövsümü” intellektual yarışı təşkil edilib

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da “Yüksəliş” müsabiqəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual kviz – “Bahar mövsümü” yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, bu il ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 tədbirinin əhəmiyyətini vurğulamaq məqsədilə ekologiya, ətraf mühitin qorunması, təbii ehtiyatlardan istifadə ilə bağlı sualların üstünlük təşkil etdiyi intellektual yarış “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçılarının iştirakı üçün nəzərdə tutulub. Yarışda 40 komanda iştirak edib. Bu komandalar arasından “Smart Customs” birinci yerə, “Xəzər” ikinci yerə, “Hepta-dron” isə üçüncü yerə çıxıb.
“Yüksəliş” müsabiqəsi tərəfindən artıq ikinci dəfədir ki, yarımfinalçılar, finalçılar və qaliblər arasında intellektual yarış keçirilir. Qeyd edək ki, ötən il baş tutan yarış Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Elm və təhsil 2024-03-16 18:39:00