Qurban Qurbanov: İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu VİDEO
Bakı, 15 mart, AZƏRTAC
Epizodları izləmişəm. İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu. Referinin qərarı ilə razılaşmıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer"ə 2:3 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
53 yaşlı mütəxəssis ingiltərəli baş hakim Entoni Teylorun qərəzli davranışından bəhs edib. Görüşün 62-ci dəqiqəsində Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydandan qovulmasına münasibət bildirən çalışdırıcı əlavə edib: “Buna görə Elvinə heç bir irad bildirmədim. Çünki nəinki Elvin, bütün oyunçular məyus olmuşdular. Bəlkə də İngiltərə Premyer Liqasında həmin epizodda cərimə zərbəsi təyin etmirlər. VAR-a baxıldı, lakin yenə də söz sahibi baş hakim idi. Futbol mübarizədən ibarətdir. Belə matçlarda bu cür sadə qırmızı vərəqəni qəbul etmirəm”.
Avropa klublarının həm özünə, həm də futbolçularına maraq göstərməsinə münasibət bildirən təcrübəli çalışdırıcı “Qarabağ”dan ayrılmaq istəmədiyini vurğulayıb: “Bu komanda mənə çox doğmadır. Klubuma çox bağlıyam və sadiqəm. “Qarabağ” haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə yaxından maraqlanırlar. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bu, bizim üçün müsbət haldır”.
Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir