×
A
A
A
Sazlamalar

Baş katib: Bu cür yarışlar gənc və yeniyetmə gimnastlara təcrübələrini artırmaq imkanı yaradır

Bakı, 15 mart, AZƏRTAC
Koronavirus pandemiyasından öncə tez-tez belə yarışlar təşkil edirdik. Bu il qərar verdik ki, yenidən belə turnirləri bərpa edək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Nurlana Məmmədzadə Bakıda start götürən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri ilə bağlı jurnalistlərə açıqlamasında deyib. O, bu yarışın əvvəlki turnirlərdən fərqini də izah edib: "Əvvəllər yalnız böyüklər və gənclər birincilik uğrunda mübarizə aparırdısa, indi artıq yeniyetmələr də mükafatçılar sırasına düşmək üçün çalışacaqlar. Bu turnir sayəsində yeniyetmələr öz bacarıqlarını göstərmək imkanı əldə edəcəklər".
Federasiya rəsmisi bildirib ki, böyüklər arasında çıxış edən idmançıların medal qazanmaq şansları daha çoxdur: "Çünki onlar daha təcrübəlidirlər. Gənclərdən də medala iddialı olanlar var. Bu cür yarışlar gənclər və yeniyetmələrə də öz qüvvələrini sınamaq, təcrübələrini artırmaq üçün imkan yaradır. İnanıram ki, idmançılarımız mükafatçılar sırasında ola biləcəklər".
Qeyd edək ki, “AGF Trophy” beynəlxalq yarışına martın 17-də yekun vurulacaq.

 

İdman 2024-03-15 13:42:00