×
A
A
A
Sazlamalar

Nazir müavini: “Orqanik Naxçıvan”ın fəaliyyəti təkmilləşdiriləcək, aqroklaster yaradılacaq

Naxçıvan, 14 mart, Nail Əsgərov, AZƏRTAC

Sənayeyönlü orqanik gübrələrdən istifadə Naxçıvan üçün yenilikdir. Biz çalışırıq ki, təşviq daha çox olsun. Kəndlilər, istehsalçılar tərəfindən orqanik gübrədən istifadəyə maraq artsın. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda da orqanik kənd təsərrüfatı məhsulları istehsalının artırılması nəzərdə tutulub. Bu baxımdan Naxçıvanda ekoloji mühit çox yaxşıdır. Burada ətraf mühitin qorunmasına nail olunub. Ümumiyyətlə, təhlil aparanda görürük ki, uzun illər ərzində kimyəvi maddələr, pestisidlər Naxçıvan Muxtar Respublikasına o qədər də çox daxil olmayıb. Bunun özü müsbət göstəricidir. Ona görə də torpaqlar münbitdir. Yəni, zəhərli, kimyəvi maddələrlə çirklənməyib.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova söyləyib.
O bildirib ki, kimyəvi gübrələr, pestisidlər düzgün istifadə edilmədikdə həm ətraf mühiti çirkləndirir, eyni zamanda, məhsulların tərkibində qalıq yaradaraq hər hansı zəhərlənməyə belə yol aça, yaxud da digər təhlükəli xəstəliyə səbəb ola bilər.
Nazir müavini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritetlərin icrasına da toxunaraq deyib: “Dövlət Proqramına əsasən muxtar respublikada “Orqanik Naxçıvan” publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterin yaradılması nəzərdə tutulur. Bu məqsədlə Kəngərli rayonunun Böyükdüz massivində ilkin olaraq 2069 hektar ərazi seçilib. Hazırda ərazidə tender yolu ilə layihələndirmə işləri aparılır. Orada həm iribuynuzlu heyvanlar üçün istehsal yerləri, həm də quşçuluq təsərrüfatının yaradılması nəzərdə tutulub. Bundan başqa, həmin ərazidə ət kəsimi, ət qablaşdırılması emalı müəssisələri, konservləşdirilmiş bitkiçilik məhsullarının istehsalı yerləri olacaq. Həmçinin aqroparkda TIR, texnika parkları, logistik xidmətlər, zərərsizləşdirmə məntəqələri, kiçik laboratoriyanın yaradılması planlaşdırılıb”.
Xəyalə Dadaşova vurğulayıb ki, Azərbaycan Respublikası Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyaya, o cümlədən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına üzv seçilib, yəni üzərinə öhdəlik götürüb. Eyni zamanda, ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına da qoşulub. Həmin təşkilatlara üzv olan hər ölkə öhdəlik daşıyır ki, öz ərazisindən digər əraziyə keçən məhsulların sağlamlığına cavab versin. Bu baxımdan, Naxçıvanda yaradılacaq Aqroparkda istehsal və emal olunacaq, daşınacaq məhsullar həmin konvensiyanın, təşkilatların standartlarına cavab verəcək. O standartlardan biri də İSPM 15-dir. İSPM 15 məhsulların zərərsizləşdirilməsi, fumiqasiya tədbirlərinin həyata keçirilməsidir. Bu kimi məsələlərin də həmin aqroparkda tənzimlənməsi nəzərdə tutulub. Buna həm nəqliyyat vasitələrinin dezinfeksiya edilməsi, həm də məhsulların zərərsizləşdirilməsi aiddir. Həmçinin həmin ərazidə gələcəkdə çoxillik bitkilərin əkilməsi, bağların salınması da nəzərdə tutulur.
“Aqroparkda layihələndirmə başa çatanadək torpaqların boş qalmaması üçün ilkin olaraq birillik bitkilərin əkini həyata keçirilir. Hazırda o ərazinin 720 hektarında buğda və arpa əkini aparılıb. Bildiyimiz kimi, Dövlət Proqramında toxumçuluğun inkişaf etdirilməsi də planlaşdırılıb və bu məqsədlə toxumçuluq emalı müəssisəsi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə verilib. Həmin müəssisənin fəaliyyətinin təmin olunması üçün biz ilkin olaraq orqanik toxumçuluqdan başlayırıq. Əkilən arpa və buğda toxumçuluğa yönələcək. Bu məqsədlə həmin ərazidə əkin zamanı orqanik gübrədən istifadə edilib. Onu da qeyd edim ki, Kəngərli rayonunun digər bir hissəsində 200 hektar sahədə də orqanik gübrədən istifadə olunub. Yaxın günlərdə həmin aqroparkın ərazisində Naxçıvanda ilk dəfə olaraq pilot layihə kimi yeni bir bitkinin - Maralfalfanın əkinini həyata keçirəcəyik. Həmin bitkini quraqlıq, şoran şəraitdə yetişdirmək mümkündür, təsərrüfat əhəmiyyəti böyükdür, yaxşı məhsuldarlığı var, heyvandarlığa da faydalıdır”, - deyə nazir müavini əlavə edib.

 

Regionlar 2024-03-14 10:10:00