×
A
A
A
Sazlamalar

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Şəki, 5 may, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 5-də Şəki şəhərində keçirdiyi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul və orta təhsil müəssisələrində yekun qiymətləndirmə imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə iki mərkəz ayrılıb. İmtahanlar Şəki şəhəri 8 nömrəli tam orta məktəb və fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub.
İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ümumilikdə 410 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 5 imtahan rəhbəri və 41 nəzarətçi cəlb olunub. İmtahanların keçirilməsi üçün 33 zal ayrılıb.
DİM Şəki regional bölməsindən verilən məlumata görə, hər iki imtahan mərkəzində imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.

 

Regionlar 2024-05-05 13:51:00