×
A
A
A
Sazlamalar

XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbi Qubada davam edir

Quba, 13 mart, Elxan Yusifli, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbi Qubada öz işini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan 20-dən çox tələbə iştirak edir.
Martin 13-də iştirakçılar Azərbaycan Dillər Universitetinin dosenti Afət Musayevanın “Multikulturalizm Azərbaycan modeli sivilizasiyaların toqquşmasına cavab kimi” mövzusunda məruzəsini dinləyiblər.
Məruzəçi qeyd edib ki, Azərbaycan müxtəlif dəyərləri bir-biri ilə birləşdirən körpüdür. Tarixi faktlar da sübut edir ki, fərqli dünyagörüşünə, milli-mənəvi dəyərlər sisteminə, dini baxışlara sahib olan xalqların bir-biri ilə dialoq qurmaq, ortaq dil tapmağa çalışmaq kimi nəcib təşəbbüsləri bir çox hallarda bəşəriyyəti fəlakətlərdən, müharibə və toqquşmalardan xilas edib. “Tarixən başqa millətlərə, dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşma ilə seçilən Azərbaycanda müşahidə edilən tolerantlıq xalqımızın milli-mənəvi dəyərlər sistemindən, düşüncə tərzindən qaynaqlanır. Geostrateji mövqeyinə görə müxtəlif dünyagörüşlərinin, milli-mənəvi dəyərlərin qovuşduğu bu torpaqlarda yaşayan insanlar birgəyaşayışın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, fərqli mədəniyyətlərin dialoqunu öz gündəlik həyatlarında hiss edirlər. Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, xalqımız tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən qoruyaraq saxlamış və nəsildən-nəslə ötürmüşdür”, - deyə Afət Musayeva bildirib.
Qış məktəbi mart ayının 17-dək Quba və Qusar rayonlarında fəaliyyət göstərəcək.
Qış məktəbi ərzində iştirakçılara “Azərbaycanda mədəniyyətlərin dialoqu və dinlərarası harmoniya”, “Müasir cəmiyyətdə dözümsüzlük problemi: ksenofobiya, islamofobiya, irqçilik” mövzularında mühazirələr, “Sivilizasiyaların toqquşması, yoxsa dialoq?” mövzusunda seminar keçiriləcək.
Qış məktəbi çərçivəsində təşkil olunan “Öz xalqını təqdim et” adlı musiqili axşamlarda iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumat verəcəklər.
İştirakçılar Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbədə yerli icma ilə görüşlər keçirəcək, məscid, kilsə və sinaqoqları, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcək, “Şahdağ” Turizm Mərkəzinin xidmətləri ilə tanış olacaqlar.
Yay və qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və respublikamızın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə nəzəri biliklərinin inkişafına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Regionlar 2024-03-13 18:01:00