×
A
A
A
Sazlamalar

Yel çərşənbəsi Şamaxının Dəmirçi kəndində özünəməxsus şəkildə qeyd olunur FOTO VİDEO

Şamaxı, 12 mart, Rəşad Türkoğlu, AZƏRTAC

Bu gün ölkəmizdə Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsi qeyd edilir. Yazın gəlişi ilə təbiət oyanır, həyat canlanır. Xalqımızın ən qədin bayramlarından olan Novruzun bu fəsildə qeyd edilməsi də təsadüfi deyil.
AZƏRTAC xəbər verir ki, Şamaxı sakinləri ənənələri bu günə kimi yaşadır, tonqal qalayıb, müxtəlif ayinləri yerinə yetirirlər.
Yel çərşənbəsi Şamaxının Dəmirçi kəndində özünəməxsus şəkildə qeyd olunur. Baharın gəlişinə saylı günlər qalsa da, kəndin yaxınlığında olan dağlar ağ örpəyə bürünüb. Səmada ara-sıra Günəş görünür. Havanın sərt, soyuq olması yerli sakinləri bayram ab-havasından uzaqlaşdıra bilməyib. Kənd sakinləri hər il olduğu kimi, bu il də yazın, baharın müjdəçisi olan Yel çərşənbəsinin gəlişini qarşılamaq üçün bayram tonqalı ətrafına toplaşıblar.

Kənd sakini Rəfiqə Nəcəfova deyir ki, Yel çərşənbəsi digər qəsəbə və kəndlərlə müqayisədə burada çox maraqlı keçir: “Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya şüyüdlü aş bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikirlər. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməniyə qırmızı qumaş bağlanır”.
Qız-gəlinlərin hazırladıqları şəkərbura, paxlava, səməni halvası, şirin çörəklər, boyanan yumurtalar, cücərdilən səmənilər, şux bayram rəqsləri, aşıqların, folklor qruplarının çıxışları çərşənbəyə xüsusi rəng qatır.

Dəmirçinin yaşlı sakinlərindən olan Mixək Sultanova isə bildirir ki, texnologiya dövründə yaşasaq da, milli adət-ənənələri, mənəvi dəyərləri qoruyub saxlayır, eyni zamanda, gələcək nəsillərə ötürürlər. “Bu il bizim üçün xüsusilə fərqlənir. Ona görə ki, əvvəlki illərdən fərqli olaraq, bu il bayram tonqallarımız ölkəmizin hər yerində qalanır. Həqiqətən çox sevinirəm, Şuşada, Ağdamda, Füzulidə, işğaldan azad edilən digər qədim və əzəli torpaqlarımızda bayram tonqalları yandırılır. Şükürlər olsun ki, bu il ilk dəfə Xocalıda, Xankəndidə, Əsgəranda, bir sözlə bütöv Azərbaycanda bayram tonqalları qalanır. Bu xoşbəxt günləri bizə nəsib edən şəhidləmizin ruhu şad olsun, bu tarixi Qələbəyə imza atan Prezidentimiz var olsun!”, - deyə kənd sakini sevincini dilə gətirir.

Novruz bayramı yaxınlaşdıqca insanların qəlbində arzu-istək də artır. Novruz çərşənbələrinin hərəsinin bir ünsürlə əlaqəli olması, əslində təbiətdəki canlanmanın mərhələləri sayılır. Su çərşənbəsindən sonra buzların əriməsini, suların artmasını, Od çərşənbəsində havanın isinməsini, təbiətin canlanmasını hiss etmək olursa, Yel çərşənbəsində torpaq, ağaclar, bütün bitkilər oyanır, hər tərəf yaşıllaşır. Əsən küləklər torpağı oyadır ki, artıq yaz gəlib. Bu baxımdan Yel çərşənbəsi xalqımızın inancında xüsusi yer tutur.
Yel çərşənbəniz mübarək!

Regionlar 2024-03-12 15:51:00

Video