×
A
A
A
Sazlamalar

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar dövlət dəstəyi mexanizmləri haqqında maarifləndiriliblər VİDEO

Xaçmaz, 1 mart, Elxan Yusifli, AZƏRTAC
“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara maliyyə resurslarına çıxış, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2022-ci ildən həyata keçirilən layihənin məqsədi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlətin dəstək tədbirləri barədə biznes subyektlərinin və yeni biznesə başlamaq istəyən şəxslərin məlumatlandırılması, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir.
Martın 1-də “Xaçmaz KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı şəhərindən və Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzəndən 200-dən çox sahibkar, həmçinin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Nihad Muxtarlı və Milli Məclisinin deputatı Sevil Mikayılova sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyələşdirilməsi sahəsində yeniliklər, alternativ maliyyələşdirmə alətləri, özünüməşğulluq proqramının sahibkarlığa başlanılmasında rolu, eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi barədə məlumat veriblər.
“Marsol Group”un direktoru və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Maricel Real Estate”in təsisçisi Samir Əlizadə təmsil etdikləri şirkətlərin fəaliyyəti, sahibkarlıq sahəsində dövlət qurumları ilə əməkdaşlıq və mövcud dəstək mexanizmlərindən istifadə barədə danışıblar.
Tədbir çərçivəsində “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə iştirak edən KOBİA, AKİA, Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, “Sirab” MMC-nin və “Kapital Bank”ın nümayəndələri tərəfindən mövzu ilə bağlı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.


 

Regionlar 2024-03-01 13:17:00

Video