×
A
A
A
Sazlamalar

Balakəndə tütün şitillərinin yetişdirilməsi üçün sadə istixanalar hazırlanır

Balakən, 29 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında 83 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Fermerlər cari təsərrüfat ilində əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar “Azərtütün” ASC və “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu günədək 8 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam edir.
Talalar kəndindən olan fermer İmran Cumayev “Azərtütün” ASC ilə bağladığı müqavilə əsasında bu il rayon üzrə hamıdan çox – 17 hektarda tütün əkməyi planlaşdırır.
Sektor müdirinin sözlərinə görə, hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün sadə istixanalar hazırlanaraq toxum səpilir. Eyni zamanda, tütün əkini zamanı balakənli fermerlər “Azərtütün” ASC və “Zaqatala AGRO İndustry” MMC-yə məxsus emal məntəqələrinin istixana təsərrüfatlarında yetişdirilmiş tütün şitilləri ilə də təmin olunacaqlar. İstixana şəraitində yetişdirilən tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.

 

 

Regionlar 2024-02-29 12:03:00