×
A
A
A
Sazlamalar

Böyük Britaniyanın Azərbaycandakı səfiri Qazaxda səfərdə olub

Qazax, 28 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld Qazax rayonuna səfər edib. Səfər çərçivəsində Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində təhsil alan tələbələr üçün “Britaniya-Azərbaycan əlaqələri” mövzusunda məruzə oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfir tanışlıq məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüb. Rəcəb Babaşov səfirə Qazaxın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, elm, təhsil sahəsindəki nailiyyətləri, tarixi şəxsiyyətləri, ziyalıları və s. barədə ətraflı məlumat verib. Qeyd edib ki, Qazaxda bütün sahələrin, xüsusilə də sənayenin, kənd təsərrüfatının, turizmin inkişafı üçün bütün imkanlar mövcuddur. İcra başçısı səfirə rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib. O, Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin sentyabr hadisələrində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də torpaqlarımızın azadlığı uğrunda Qazax rayonunun mənfur düşmənin apardığı müharibə nəticəsində ümumilikdə bu günə kimi 348 nəfər şəhid verdiyini söyləyib. Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adını aldığını bildirib. 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin, eləcə də bütün şəhidlərin xatirəsini yaşadan Şəhidlər xiyabanının yaradıldığını vurğulayıb.
Qeyd olunub ki, uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur. Rayon rəhbəri Azərbaycan və Böyük Britaniya arasında olan dostluq əlaqələrinin bütün dünya dövlətlərinə bir nümunə olduğunu deyib. Bildirib ki, sevincli günlərdə, kədərli günlərdə Azərbaycanla Böyük Britaniya daim bir-birinin yanında olub. İki dost ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.
Səfir F.Auld ona göstərilən xoş münasibətə, qonaqpərvərliyə, Böyük Britaniya dövlətinin, xalqının, eləcə də özünün ünvanına söylənilən xoş sözlərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. “Qazax Gürcüstan və Ermənistanla sərhədi olduğuna görə strateji rayon sayılır. Ona görə də Qazax təkcə Azərbaycanın yox, həm də Cənubi Qafqazın əsas bölgələrindən biridir”, - deyə səfir əlavə edib. 44 günlük Vətən müharibəsindən söz açan səfir F.Auld müharibə zamanı həlak olan şəhidlərimizlə bağlı bir daha dərin hüznlə başsağlığı verib. Səfir bu günədək fəaliyyəti dövründə iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi naminə əlindən gələni əsirgəmədiyini söyləyib. İstər çətin, istərsə də xoş günlərdə Azərbaycan və Böyük Britaniyanın bir-birinin yanında olmasını minnətdarlıq və razılıqla qarşılayan səfir bu dostluğun bütün dünya dövlətlərinə örnək olduğunu söyləyib.
Görüş zamanı rayonumuzda səfərdə olan qonağa xatirə hədiyyəsi təqdim edilib.
Səfir F.Auld səfər çərçivəsində rayonla da yaxından tanış olub. Əvvəlcə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkı ziyarət edərək dəyərli ziyalımıza olan böyük hörmət və ehtiramını ifadə edib.
Daha sonra səfir Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri Qazaxlılar parkını ziyarət edib. Qonağa büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun, ətraflı məlumatlar verilib.
Qədim tarixə malik olan Qazax “Cümə” məscidi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov məscidin tarixi barədə məlumat verərək ürək sözlərini bölüşüb.
Rayonla yaxından tanış olan səfir F.Auld ona göstərilən qonaqpərvərlikdən razılığını ifadə edib, Qazaxdan xoş təəssüratla ayrılıb.

 

Regionlar 2024-02-28 20:33:00