×
A
A
A
Sazlamalar

Siyəzəndə avtomobil yolu yenidən qurulub

Bakı, 28 fevral, AZƏRTAC

Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində 27 kilometr uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Məlumata əsasən, layihə üzrə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi, suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası, yol əsasının tikintisi işləri tam olaraq icra olunub.
Həyata keçirilən işlər çərçivəsində yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü salınıb. Layihənin sonunda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, kilometr göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görülüb.

Regionlar 2024-02-28 17:04:00