Soltan Məmmədov: Xocalı soyqırımını törədənlər beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər
Bakı, 28 fevral, AZƏRTAC
Xocalı soyqırımı öz miqyasına, bu dəhşətli cinayəti törədənlərin amansızlığına və qəddarlığına görə yalnız Holokost kimi insanlıq əleyhinə cinayətlərlə müqayisə oluna bilər. Faciənin bütün məsuliyyəti Ermənistanın üzərindədir və bu cinayəti törədənlər beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Xocalı faciəsi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli Konvensiyasında müəyyən edilmiş “soyqırımı anlayışı”nın bütün parametrləri ilə üst-üstə düşür. Konvensiyada göstərilib ki, hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə belə bir qrupun üzvlərinin qətlə yetirilməsi, ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi, tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması, bu qrupa münasibətdə uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər, uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi məqsədilə törədilən hərəkətlə soyqırımı hesab olunur. “Xocalı soyqırımında biz bütün bu hərəkətlərin müxtəlif elementlərini görürük. Xocalıya hücum zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Bütün bunlar göstərir ki, Ermənistan 1992-ci ildə Xocalıda insanlıq əleyhinə cinayət törədib”, - deyə Milli Məclisin deputatı qeyd edib.
S.Məmmədov vurğulayıb ki, ötən müddət ərzində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində bir sıra vacib addımlar atılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası nəticəsində bir çox ölkələrdə təşviqat xarakterli layihələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər həyata keçirilib. Bu kampaniya Xocalı faciəsi haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasında çox mühüm rol oynayıb. Eyni zamanda, bir çox ölkələrin qanunverici orqanları Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Bütün bunlar onu göstərir ki, Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər öz nəticələrini verib.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, qəhrəman övladlarının rəşadəti sayəsində 28 il sonra döyüş meydanında Xocalı soyqırımının qisasını aldı. Lakin xalqımız bəşəriyyətin tarixinə ən dəhşətli faciələrdən biri kimi yazılmış bu soyqırımı heç vaxt unutmayacaq!
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO