×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə elmi konfrans keçirilib

Naxçıvan, 28 fevral, AZƏRTAC

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin ötən il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladaraq, nəzərdə tutulan tədbirlərin muxtar respublikanın tarixinin, keçdiyi inkişaf yolunun müxtəlif mövzular üzrə daha dərindən öyrənilməsinə, təhlilinə xidmət edəcəyini bildirib.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət”, Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Moskva və Qars müqavilələri və Naxçıvan Muxtar Respublikasının yaradılması” mövzularında məruzələr ediblər.
Məruzələrdə XX əsrin əvvəllərində Naxçıvanda mövcud olan gərgin ictimai-siyasi vəziyyətdən, erməni millətçilərinin dinc Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri kütləvi qırğın və etnik təmizləmə siyasətindən bəhs olunub. “Hümmət” təşkilatının fəaliyyəti, A.Ozanyanın rəhbərliyi ilə quldur dəstələrinin Naxçıvan qəzasında, xüsusilə Nehrəm, Yaycı, Qahab kəndlərində törətdikləri qırğınlar, AXC hökumətinin Naxçıvanla əlaqələri, Araz-Türk Respublikasının fəaliyyəti və başqa məsələlər ətraflı şərh edilib. Ötən əsrin 20-ci illərində Rusiya-Türkiyə münasibətləri, Moskva və Qars müqavilələrinin imzalandığı ərəfədə aparılan diplomatik danışıqların mahiyyəti, Naxçıvanın müdafiəsində və mühafizəsində böyük xidmətləri olmuş şəxsiyyətlər barədə məlumat verilib. Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsinin əhalinin istək və tələbinə uyğun olaraq həll edilməsindən, Naxçıvanın muxtariyyət statusunun tarixi zərurət olmasından danışılıb. Həmçinin Naxçıvanda 1921-1924-cü illərdə gedən ictimai-siyasi proseslərin araşdırılmasında arxiv sənədlərinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Sonra konfrans iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Regionlar 2024-02-28 14:10:00