×
A
A
A
Sazlamalar

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Şəki, 7 may, AZƏRTAC

Dünya bazarlarında ipəyə və ipək məhsullarına böyük tələbatın olması heç kəsə sirr deyil. Ölkəmizdə isə bu sahənin tarixi ənənələri və sənaye istiqaməti üzrə inkişafı var. Əlbəttə ki, ipək və ipəkçilikdən söhbət gedirsə, ilk növbədə Şəki yada düşür.
AZƏRTAC xəbər verir ki, bu qədim diyarda ipəkçilik ənənələri bu gün də davam etdirilir. Ölkəmizdə bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul olunması ipəkçiliyin perspektivindən xəbər verir.
Artıq yarım əsrdən çoxdur ki, ölkəmizin ipəkçilik mərkəzi kimi tanınan Şəkidə bu sahəni öyrənən laboratoriya fəaliyyət göstərir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin nəzdində fəaliyyət göstərən bu laboratoriyada ipəkqurdları, onların növləri, genləri və ən məhsuldar olanları tədqiq edilir, elmi mərkəzlərə bu barədə məlumat verilir.

Cari barama mövsümünə start verildiyindən Elmi Mərkəzin laboratoriyasında da müvafiq işlərə başlanılıb. Mərkəzin direktoru Yusif Şükürlü baramaçılığa uşaqlıdan bələddir və bu sahə hər zaman onun maraq dairəsində olub. Bildirir ki, laboratoriyanın əməkdaşları bu illər ərzində bir çox uğura imza atıb, elmi araşdırmaları genişləndirib, daha dözümlü və məhsuldar ipəkqurdu əldə edilməsinə nail olublar. Yusif Şükürlü onu da vurğulayır ki, bu illər ərzində müəlliflik hüququ əldə etdikləri ipəkqurdları həm xəstəliklərə davamlılığına, həm də məhsulun keyfiyyətinə görə seçilir.

Artıq 40 ilə yaxındır ki, ipəkçilik laboratoriyasına Elmi Mərkəzin dosenti Qüdrət Bəkirov rəhbərlik edir. Ölkədə və dünyada bu sahədə hər hansı yenilik və təcrübə aparılırsa, Qüdrət müəllim bu barədə mütləq məlumatlı olur. Təsadüfi deyil ki, əməkdaşlarla həyata keçirdikləri birgə iş nəticəsində dörd hibrid və cinsin müəllifliyini rəsmən əldə ediblər. Həmin ipəkqurdlarının ölkədə tətbiqi məqbul sayılıb.
Laboratoriya rəhbəri deyir ki, əsas məqsədləri ipəkqurdlarının dözümlülüyünün, yəni sağlamlığını təmin etmək və baramasının keyfiyyətinə nail olmaqdır. Qazandıqları nailiyyətlərin müəlliflik sənədlərini təqdim edən Qüdrət müəllim, əməkdaşların hazırda da bu istiqamətdə seleksiya işi apardığını və yeni uğurlar qazanıldığını bildirir.

Alimlərlə söhbət apararkən daha bir maraqlı faktı diqqətimizə çatdırırlar. Öyrənirik ki, Cənubi Qafqazda ilk dəfə məhz Azərbaycanda, bu elmi mərkəzin əməkdaşı Zərrintac Şükürlü vəhşi ipəkqurdlarının yetişdirilməsinə nail olub və hazırda bu istiqamətdə elmi araşdırmalar davam etdirilir. Vəhşi ipəkqurdlarının məmulatlarından tibbi sənayesində, ipəyindən isə yüngül sənayedə geniş istifadə edilir. Hətta Asiya və Şərq ölkələrində həmin baramanın bir hissəsindən delikates kimi də faydalananlar az deyil. Dünya bazarlarında qiymətlərə gəlincə, vəhşi ipəkqurdu dəfələrlə baha satılır.
Onu da öyrənirik ki, Şəkidə Regional Kollec və Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ixtisaslarına uyğun olaraq burada təlim və istehsalat təcrübəsinə cəlb edilirlər.
Qeyd edək ki, Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib. Bu il 40 rayonda yaş barama istehsalı həyata keçiriləcək.

Regionlar 2024-05-07 12:39:00

Video