×
A
A
A
Sazlamalar

Nyu-Yorkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Bakı, 28 fevral, AZƏRTAC

Nyu-York şəhərində fəaliyyət göstərən Türk Evində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Remembrance of Khojaly: A Tribute through Music and Art” adlı anım tədbiri keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Amerika Azərbaycan Təşkilatları Alyansı və “Mənim yolum” (My Way) Uşaq və Gənclərin İnkişafı Mərkəzi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgürün, diplomatik korpusun nümayəndələrinin, yəhudi və digər dost icmaların üzvlərinin, Nyu-York və ətraf ərazilərdə yaşayan həmvətənlərimizin iştirak etdikləri tədbirin aparıcısı, azərbaycanlı tələbə Leyla Aslanova erməni terrorçularının xalqımıza qarşı xüsusi qəddarlıqla törətdikləri Xocalı soyqırımı haqqında geniş məlumat verib.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxışında 26 fevralın xalqımızın tarixində ən kədərli günlərdən biri olduğunu bildirib.
Digər çıxış edənlər - Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat katibi Cəmilə Məmmədova, Amerika Azərbaycan Təşkilatları Alyansının rəhbəri Minəvvər Vahabova Xocalı soyqırımının müasir dövrün ən ağır cinayətləri və faciələri ilə yanaşı durduğunu, ədalətin bərqərar edilməsinin xalqımız üçün çox mühüm olduğunu vurğulayıb, faciə qurbanlarına, xüsusilə uşaqlara qarşı törədilən vəhşiliklərin insanlığa sığmadığını diqqətə çatdırıblar.
Tədbirdə ELTV media qrupunun “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi ilə birgə hazırladığı və Xocalı soyqırımına həsr edilmiş “History of Azerbaijan” qısametrajlı filmi nümayiş olunub.
Bədii hissədə ABŞ-da yaşayan soydaşımız, Drezden Simfonik Orkestrının solisti və Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ifaçısı Şəbnəm Hüseyn “Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ithaf” adlı konsert proqramı ilə çıxış edib. Sənətçi Azərbaycan və klassik bəstəkarların (Albinoninin "Adagio", Erik Satin "Ginossienne", Fikrət Əmirovun "Mən səni araram", Tofiq Quliyevin "Qəmgin mahnı", Asəf Zeynallının "Ölkəm" romansı, "Ay Laçın" xalq mahnısı, Fərhad Bədəlbəylinin “Ave Maria”) əsərlərini ifa edib.
Tədbir çərçivəsində ABŞ-da yaşayan azərbaycanlı incəsənət xadimləri - rəssam Çingiz Mahir Musayevin Xocalı kompozisiyası adlı dörd əsəri, heykəltaraş-rəssam, “Mənim yolum” (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin müəllimi Emin Quliyevin Xocalı qurbanlarına həsr edilmiş heykəli nümayiş olunub.

Xocalı faciəsi 2024-02-28 11:50:00