Romada Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir təşkil olunub VİDEO
Roma, 27 fevral, AZƏRTAC
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı və İtaliyadakı səfirliklərinin təşkilatçılığı ilə Romadakı “Santa Maria della Mercede” kilsəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Vatikan və İtaliya nümayəndələrinin, diplomatik korpus rəhbərlərinin, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların əziz xatirəsi anılıb, ruhlarına dualar oxunub.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov Xocalı soyqırımının ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin bariz nümunəsi olduğunu deyib. Bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindən biri hesab olunur. Erməni silahlı qüvvələri həmin gün beynəlxalq hüququn normalarını pozaraq Xocalı şəhərinə hücum edərək əhaliyə qarşı qanlı cinayət törədib. Günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə amansızlıqla qətlə yetirilib, kütləvi qırğın törədilib. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarı ilə Xocalıda baş verənləri mülki əhalinin qətliamı kimi müəyyən edib.
Səfir “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülmüş işlərdən və soyqırımı həqiqətlərinin yayılması istiqamətində atılan addımlardan da danışıb. Müxtəlif beynəlxalq təşkilatların və onlarla ölkənin parlamentlərinin Xocalı soyqırımı faktını tanıdığı, bununla bağlı Ermənistanın məsuliyyət daşıdığı diqqətə çatdırılıb.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı qətliamının Qarabağ müharibəsində ən ağır hərbi cinayət və müasir Avropa tarixində ən dəhşətli qətliamlardan biri olduğunu deyib. Qeyd edib ki, ötən əsrin sonlarında dinc əhaliyə qarşı törədilmiş ən qəddar etnik zorakılıq aktlarından biri olan Xocalı soyqırımında bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq amansızcasına qətlə yetirilib.
Diplomat bildirib ki, müxtəlif ölkələr və parlamentlər Xocalı faciəsini pisləyib, onu soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.
Diqqətə çatdırılıb ki, bu il ilk dəfə olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi ölkəmizin bütün ərazisində anılır, 32 il sonra Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Ölkəmiz azad olunmuş bütün ərazilərində, o cümlədən Xocalıda geniş bərpa və yenidənqurma layihələri həyata keçirir. Digər bölgələrin sakinləri kimi, Xocalı əhalisi də tezliklə doğma yurdlarına qayıdacaq.
Səfir bir gün Xocalıya ədalətin bərqərar olacağına inandığını və gələcəkdə bu cür ağır cinayətlərin bir daha baş verməməsi üçün beynəlxalq ictimaiyyətin Xocalıya ədalət çağırışına dəstək göstərməsinin vacibliyini qeyd edib.
Tədbirin bədii hissəsində İtaliyanın “Orchestra dell'Accademia Sannita” orkestrinin ifasında klassik musiqi nümunələri, o cümlədən Azərbaycan mahnıları təqdim olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO