İğdırda Xocalı qurbanlarının xatirəsi anılıb
İstanbul, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Türkiyədə daha bir tədbir İğdır şəhərində keçirilib.
AZƏRTAC xəbər verir ki, İğdır Azərbaycan Evi tərəfindən təşkil olunan tədbirdə Naxçıvandan olan şəhidlərimizin valideynləri, Azərbaycanın Karsdakı baş konsulu Nuru Quliyev, İğdır valisi Ercan Turan, Türkiyə Böyük Millət Məclisinin deputatı Cantürk Alagöz, İğdır baş prokuroru Serkan Başaran, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə, Türkiyənin siyasi partiyalarının və dövlət qurumlarının rəhbər şəxsləri, QHT nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib, “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, baş konsul Nuru Quliyev, Cantürk Alagöz, vali Ercan Turan əsrlər keçsə də, Xocalı soyqırımının əsla unudulmayacağını, dünyada bu cür faciələrin bir daha yaşanmaması üçün faciəni törədənlərin ədalət qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.
Bildirilib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər Xocalı soyqırımı kimi, ermənilər tərəfindən Azərbaycanla yanaşı, Türkiyədə də törədilən bir çox yaraya məlhəm oldu.
Tədbir Xocalı soyqırımı ilə bağlı panel iclasla davam edib.
Dosent Suna Altanın moderatorluğu ilə keçən iclasda Türkiyə Universitetində fəaliyyət göstərən azərbaycanlı professor Hacəli Nəcəfoğlu və beynəlxalq hüquq üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin professoru Əmir Əliyevin mövzuya dair məruzələri dinlənilib.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO