Səudiyyə Ərəbistanı və Bəhreyn qəzetləri Xocalı soyqırımından yazıb
Bakı, 27 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Əl Cəzirə” və Bəhreynin “Daily Tribune” nəşrlərində Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin Xocalı soyqırımı haqqında məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 32 il əvvəl törədilmiş Xocalı qırğınının Qarabağ müharibəsində ən ağır hərbi cinayət və bəşər tarixində ən dəhşətli faciələrdən biri olduğunu qeyd edilib. Müəllif diqqətə çatdırıb ki, həmin məşum gecədə 613 mülki azərbaycanlı, o cümlədən 200-dən çox qadın və uşaq xüsusi amansızlıqla qətlə yetirilib.
Diplomat bildirib ki, Xocalı qırğını adi müharibə cinayəti deyildi, həm də Ermənistanın düşünülmüş etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Ermənilər mülki əhalini amansızcasına qətlə yetirməklə başqa rayonların sakinlərini qorxudaraq onları rayondan çıxmağa məcbur etmək və sonrakı işğala nail olmaq istəyirdilər.
Məqalədə qeyd olunub ki, o vaxtdan bəri Azərbaycan Xocalı qətliamının beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün mübarizə aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı haqqında beynəlxalq məlumatlılığın artırılmasına yönəlmiş səylərə mühüm töhfə verib. Kampaniya nəticəsində bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Eyni zamanda, vurğulanıb ki, 2020-ci ildə Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb və işğal altındakı torpaqlarını azad edərək münaqişəyə son qoyub. Ötən il Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində, o cümlədən Xocalıda dövlətin suverenliyi tam bərpa olunub.
Müəllif yazır: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz döyüş meydanında işğalçı dövlətin silahlı qüvvələrinə qarşı vuruşaraq Zəfər çalıb və bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanıb. Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, eyni zamanda, erməni işğalına, erməni faşizminə son qoyub”.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO