×
A
A
A
Sazlamalar

İstanbulda Xocalı soyqırımına həsr edilən “Adsız qadın” tamaşası nümayiş olunub

İstanbul, 27 fevral, AZƏRTAC

İstanbulda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi və Ümraniye bələdiyyəsi tərəfindən birgə təşkil edilib.
Əvvəlcə Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, İstanbulda fəaliyyət göstərən Mübariz İbrahimov adına təhsil müəssisəsinin rəhbəri, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin sədri, yazıçı-dramaturq Aygün Həsənoğlu Xocalı soyqırımı barədə danışıb, bu faciəni ötən əsrin ən qanlı hadisələrindən biri kimi qiymətləndiriblər.
Sonra Xocalı soyqırımına həsr edilən “Adsız qadın” tamaşası nümayiş etdirilib.
Aygün Həsənoğlunun ssenarisi əsasında hazırlanan tamaşanın rejissoru Elçin İmanovdur.
Bütün ailəsini itirən bir Azərbaycan qadınının erməni girovluğunda gördüyü işgəncələr və geri alındıqdan sonra yaşadıqları ilə yanaşı, ümumilikdə bu soyqırımın oradakı hər ailəyə təsirindən bəhs edən tamaşada rolları Kamalə Kamal, Bülent Altay, Ada Işık və Behram Afsal oynayıblar.
Tamaşa barədə fikirlərini AZƏRTAC-la bölüşən Aygün Həsənoğlu deyib: “Bu, mənim Xocalı haqqında üçüncü pyesimdir, 1999-cu ildə yazılıb və 2000-ci ildə Şuşa Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Şükufə Musayeva tərəfindən hazırlanıb. Lakin o dövrdə rejissorlar tərəfindən dəstək görmədiyi üçün tamaşa gözlənilən effekti vermədi. Rejissorlar bu pyesi səhnələşdirməkdən imtina edirdilər. Səbəb olaraq isə əsərin həddindən artıq ağır olması göstərilirdi. Bunun ardınca Kamalə Kamal mənə müraciət edərək tamaşanı hazırlamaq istədiyini bildirdi və əsər dərnəklərin də dəstəyi ilə İstanbulda ilk dəfə 2016-cı ildə səhnəyə qoyuldu. O gündən əsər hər il səhnəyə qoyulur ki, bu da minlərlə insanın bu faciə barədə məlumatlandırılmasına töhfə verir”.

 
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2024-02-27 14:38:00