×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Budapeştdə də anılıb

Budapeşt, 27 fevral, AZƏRTAC

Azərbaycanın Macarıstandakı səfirliyinin Böyük zalında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələri, tələbələr, ictimai xadimlər, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.
Azərbaycan Dövlət Himninin ifasından sonra bu mənfur cinayətin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə tədbirə toplaşanlar qarşısında çıxış edərək bildirib ki, bu il Azərbaycan xalqı ilk dəfə olaraq bu faciəli tarixi tamamilə yeni şəraitdə - işğaldan azad olunmuş Xocalıda qeyd edir. Diplomat vurğulayıb ki, Prezident İlham Əliyevin bazar ertəsi bu şəhərə səfəri zamanı Xocalı soyqırımının qurbanlarına memorialın təməli qoyulub. Tahir Tağızadə erməni hərbçilərinin vəhşi cinayətləri barədə faktların bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun 2008-ci ildə təşəbbüsçüsü olduğu “Xocalıya ədalət!” kampaniyasının böyük rolunu qeyd edib.
Tədbirin sonunda Azərbaycan xalqının yeni tarixində bu kədərli günün məhz builki ildönümünə hazırlanmış “13” sənədli filmi təqdim olunub.
Bir gün əvvəl Budapeştdəki Azərbaycan evində isə “Fəryad” bədii filmi nümayiş etdirilib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xocalı faciəsi 2024-02-27 13:46:00