×
A
A
A
Sazlamalar

BDU və Bartın Universitetinin birgə konfransı: “Xocalı: soyqırımından zəfərə”

Bakı, 27 fevral, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi və Türkiyənin Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün birgə təşkilatçılığı, qardaş ölkənin bir sıra universitetlərinin iştirakı ilə “Xocalı: soyqırımından zəfərə” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini anıblar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransın moderatoru – Bartın Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ahmet Altay qardaş ölkələr arasındakı əlaqələrdən bəhs edib, Azərbaycan-Türkiyə münasibətlərinin bütün dünyaya örnək olduğunu diqqətə çatdırıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözlərini xatırladan Ahmet Altay Xocalı faciəsinin heç zaman unudulmayacağını qeyd edib, bunun üçün birgə çalışmaların əhəmiyyətini vurğulayıb.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərlə 30 illik işğala son qoyulduğunu söyləyib. O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladaraq, 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstəyə görə minnətdarlığını ifadə edib: “Azərbaycan və Türkiyə prezidentlərinin tarixi xidmətləri sayəsində ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətləri ən yüksək səviyyəyə çatdırılıb. Vətən müharibəsində mənəvi-siyasi dəstəyi ilə hər an yanımızda olan qardaş Türkiyəmizin eyni dəstəyini bu gün azad Qarabağda aparılan quruculuq işlərində də hər an hiss edirik”.
Türkiyənin Bartın Universitetinin Ədəbiyyat fakültəsinin dekanı Birgül Koçak Oksev konfransın təşkilini yüksək qiymətləndirib, gələcəkdə həyata keçiriləcək birgə layihələrdən bəhs edib.
Konfransda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Türk xalqının soyqırımı: Xocalı qətliamı”, Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov “Xocalı kitabxanaları və erməni vandalizmi”, Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi “Qarabağda kitabxana-informasiya infrastrukturunun bərpasında türk dövlətlərinin kitabxana modelinin tətbiqi” mövzularında məruzə ediblər.
Məruzələrdə Xocalı faciəsi haqqında geniş məlumat verilib, eyni zamanda, Xocalıda Azərbaycanın Dövlət Bayrağının dalğalandığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıda Soyqırımı Memorialının təməlinin qoyulduğu vurğulanıb. Çıxış edənlər, həmçinin Qarabağ ərazisində kitabxanaların yaranması, formalaşması və inkişafı tarixinə nəzər salıblar, erməni vandalları tərəfindən bölgədə kitabxanaların tamamilə dağıdıldığını faktlarla diqqətə çatdırıblar. Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, eyni zamanda, bölgədə kitabxanaların bərpasının planlaşdırıldığı barədə danışılıb. Məruzəçilər tərəfindən Qarabağda kitabxanaların bərpası və inkişafı ilə bağlı təkliflər irəli sürülüb, quruculuq işlərində qardaş Türkiyənin təcrübəsindən faydalanmağın əhəmiyyəti vurğulanıb.
Tədbir iştirakçıların çoxsaylı suallarının cavablandırılması və gələcək əməkdaşlığın inkişafı ilə bağlı müzakirələrlə davam etdirilib.

Xocalı faciəsi 2024-02-27 13:09:00