×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanada Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilən tədbir keçirilib

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir YAP Yasamal rayon təşkilatının və MEK-in birgə təşkilatçılığı ilə reallaşıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan, Xocalı soyqırımının dəhşətli və faciəli səhifələrini əks etdirən fotoşəkillərdən, müxtəlif dillərdə kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.
Sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən MEK-in direktoru professor Məmməd Əliyev Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və hərbi təcavüz siyasətinin tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb.
Məmməd Əliyev diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Xocalıda bu gün üçrəngli Bayrağımız dalğalanır.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Xocalı soyqırımının hüquqi-siyasi qiymətinin 1994-cü il fevralın 24-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladıb. Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan soyqırımının 32-ci ildönümündə Xocalıda Soyqırımı Memorialının təməlini qoyub.
Milli Məclisin deputatı Naqif Həmzəyev hər dəfə Xocalı soyqırımının ildönümündə bu acının-ağrının yenidən hiss edildiyini bildirib: “Zəfər çalmış xalq olaraq təkcə Xocalı qurbanlarının deyil, bütün şəhidlərimizin qisasını ədalətli və ləyaqətli formada almışıq”.
Tədbirdə iştirak edən BDU-nun professoru, tarixçi Nuru Məmmədli soyqırımının tarixi köklərinə nəzər salıb. Xocalı faciəsinin şahidi Mürvət Məmmədov həmin ağrılı illəri bir daha xatırlayıb.
Niderlandda yaşayan həmvətənimiz Mayisə Ağamirzəyeva Gündoğdu həmin ölkədə Xocalı faciəsinin tanıdılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, bu işlər çərçivəsində Xocalı həqiqətləri haqqında özünün silsilə məqaləsi ölkənin nüfuzlu jurnallarında dərc edilib. Qonaq həmin jurnalları MEK-ə təqdim edib.

Xocalı faciəsi 2024-02-27 12:52:00