×
A
A
A
Sazlamalar

Təbrizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunun inzibati binasında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsi anılıb.
Tədbirdə şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmin hadisələrdən bəhs edən sənədli film nümayiş etdirilib, fotosərgi təşkil olunub və ehsan süfrəsi açılıb.
Mərasimdə İranın Şərqi Azərbaycan valiliyinin nümayəndələri, İİR XİN-in Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki baş konsulu və digər əməkdaşları, Təbriz mətbuat evinin rəhbəri, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri, Azad İslam Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər.
Baş konsul Əliyənnağı Hüseynov çıxışında bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Respublikası Ordusunun qazandığı Qarabağ Zəfəri nəticəsində otuzillik işğala son qoyulub. İlk dəfədir ki, Xocalı şəhidlərinin əziz xatirəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində anılır. Xocalının hər qarış torpağında tökülən günahsız insanların qan izi and yerimiz, qan yaddaşımızdır.
Diplomat qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Bayrağımızı ucaltması ilə tarixi ədalət tam bərqərar edildi. Dövlətimizin başçısı 2024-cü il fevralın 26-da Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. Əminliklə deyə bilərik ki, Xocalıda ucaldılacaq soyqırımı memorialı bu faciənin bütün dəhşətlərini özündə əks etdirəcək.
Səfir Xocalı qırğını barədə iştirakçılara ətraflı məlumat verib. O vurğulayıb ki, Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Ulu Öndər 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb. “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda deyilir ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutub. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələnib.
Baş konsul diqqətə çatdırıb ki, Xocalı faciəsinin dünya birliyi tərəfindən soyqırımı aktı kimi qəbul olunmasına nail olmaq Azərbaycan Respublikası üçün mühüm strateji məqsəddir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində böyük işlər görülüb. Artıq 15 ildən çoxdur ki, bu çərçivədə atılan addımlar sayəsində dünya birliyi Xocalı soyqırımının dəhşətləri barədə xeyli məlumatlandırılıb.

Xocalı faciəsi 2024-02-27 10:55:00